Yuxarı

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanununa dəyişiklik edilir

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanununa dəyişiklik edilir
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. 1 mart. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, “Siyasi partiyalar haqqında” qanununa dəyişiklik təklifinə əsasən, bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.

Bu, texniki xarakterli dəyişiklikdir. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə edilib.

İclasda “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanununa da dəyişiklik layihəsi müzakirə edilib. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir. İndiyədək isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparırdı.

Hər iki dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi