Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrüyə buraxılmasının dörd dəhliz sistemi olacaq

Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrüyə buraxılmasının dörd dəhliz sistemi olacaq Bu sıraya yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri daxildir
Daxili siyasət
21 May , 2016 16:41
Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrüyə buraxılmasının dörd dəhliz sistemi olacaq

Bu sıraya yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri daxildir

Bakı. 21 may. REPORT.AZ/ Prezident İlham Əliyevin təsdiqlədiyi “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” qaydalarına əsasən, qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının dörd dəhliz buraxılış sistemi olacaq.

“Report” xəbər verir ki, bu sıraya yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri daxildir.

“Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

“Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.

Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir.

Qaydalar qüvvəyə mindiyi gün idxalatçıların ilk dəfə risk qrupları üzrə bölüşdürülməsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir: bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 il ərzində ən azı bir dəfə idxal əməliyyatı həyata keçirmiş idxalatçılar aşağı risk qrupuna aid edilirlər; bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 il ərzində heç bir idxal əməliyyatı həyata keçirməmiş idxalatçılar yüksək risk qrupuna aid edilirlər.

Son xəbərlər

Orphus sistemi