Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilməyəcək.
“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən,
Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları Qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir.
Hazırlıq qruplarında təhsil alan tələbələr ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyə borcludurlar. Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.
Hazırlıq qrupları Qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.