Azərbaycanda 54 saatlıq sərt karantin rejimi başa çatdı

Azərbaycanda 54 saatlıq sərt karantin rejimi başa çatdı Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə tətbiq edilən sərt karantin rejimi başa çatıb.
Daxili siyasət
16 İyun , 2020 06:00
Azərbaycanda 54 saatlıq sərt karantin rejimi başa çatdı

Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə tətbiq edilən sərt karantin rejimi başa çatıb.

"Report" xəbər verir ki, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində 14 iyun saat 00:00-dan etibarən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi 16 iyun saat 06:00-da bitib.

Həmin müddət ərzində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə biliblər.

Yaşayış yerini icazəsiz tərk edərək sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı tədbirlər görülüb.

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslərin müvafiq tibb müəssisələrinə çatdırılmasına şərait yaratmaq üçün, eyni zamanda əlavə təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlara xidmət göstərilməsi üçün “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların ərazisində yalnız ünvana çatdırılma xidməti ilə işləyən apteklər fəaliyyət göstərib.

Qeyd edək ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə qeyd olunan şəhər və rayonlarda yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilib:

siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər;

sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

elektrik enerjisinin istehsalı və təchizatı;

meliorasiya və su təsərrüfatı;

rabitə xidmətləri;

teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

çörək məhsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;

rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri (Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstərilir).

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilib. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənib.

Son xəbərlər

Orphus sistemi