Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU

Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU Hazırda Milli Məclisdə 20 il və ondan uzun müddətə deputat mandatı daşıyan 14 deputat var
Daxili siyasət
13 Avqust , 2015 17:12
Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU

Bakı. 13 avqust. REPORT.AZ/ Hazırda  Milli Məclisdə təmsil olunan deputatların bir qismi noyabrın 1-də keçiriləcək parlament seçkisində yenidən mandat qazanmaq üçün namizəd olacaqlarını açıqlayıblar, bir hissəsi isə üzv olduqları partiyaların qərarını gözləyirlər. 

"Report" xəbər verir ki, hazırda Azərbaycan parlamentində 20 il və ondan uzun müddətə mandat daşıyan 14 deputat var. Onlardan bir neçəsi hələ SSRİ dövründə Azərbaycan Ali Sovetinin deputatı olublar, bir qismi isə 1995-ci ildən - I çağırışdan Milli Məclisin üzvüdür.  

Bu siyahıya parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar Ziyafət Əsgərov, Cəlal Əliyev, Vasif Talıbov, İmamverdi İsmayılov, Hadi Rəcəbli, Eldar İbrahimov, Arif Rəhimzadə, Mixail Zabelin, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, bitərəflər Fəttah Heydərov, Zeynəb Xanlarova və Madər Musayev daxildir. 

YAP Siyasi Şurasının üzvü, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Report"a açıqlamasında deyib ki, noyabrın 1-də keçiriləcək seçkidə namizəd olub-olmayacağı üzv olduğu partiyanın qərarından asılıdır: "Bu mənim istəyimdən asılı olan məsələ deyil. Mən partiya üzvüyəm və partiyanın qərarına tabe adamam. Əgər YAP adımı namizədlər siyahısına daxil edərsə, yenidən namizəd olacam. Məsləhət olmasa, namizədliyimi irəli sürməyəcəm". 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Report"a bildirib ki, yenidən deputatlığa namizəd olacaq: "Builki parlament seçkilərində iştirak etmək haqda qərar qəbul etmişəm, namizədliyimi yenidən irəli sürəcəm". 

Deputat Madər Musayev "Report"a açıqlamasında deyib ki, namizəd olub-olmamaqla bağlı qərar vermək hələ tezdir: "Bu barədə danışmaq hələ tezdir. Hələ seçkiyə var. Zamanı gələndə qərar verəcəm və bunu ictimaiyyətə açıqlayacam". 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Report"a bildirib ki, namizədliyi üzv olduğu partiyanın qərarından asılıdır. 1990-cı ildən Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildən bu günə qədər isə Milli Məclisin üzvü olduğunu deyən E.İbrahimov qanunverici orqanda 25 illik iş təcrübəsinə malik olduğunu söyləyib: "İyirmi beş ildir deputatam. Mən YAP-ın yaradılmasında yaxından iştirak edən insanlardanam. Həmçinin, ümummilli lider Heydər Əliyevin yanında olanlardan biriyəm. Namizədlik məsələsinə YAP qərar verir. Kimlərin o siyahıda olması məsələsini partiya həll edir. Əgər yenidən namizəd olmağım məsləhət görülərsə, o zaman namizədliyimi verəcəm. Məsləhət olmasa, o zaman heç nə etməyəcəm". 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Report"a deyib ki, deputatlığa namizəd olub-olmayacağı haqda hələ qərar verməyib: "Mənim düşündüyüm müəyyən variantlar var. O variantlar baş tutsa, mən seçkiyə getməyəcəyəm. Baş tutmasa, yenidən namizədliyimi irəli sürəcəm". 

YAP-ı təmsil edən deputat İmamverdi İsmayılov "Report"a açıqlamasında söyləyib ki, əvvəlki seçkidə olduğu kimi, bu dəfə də partiyanın qərarına uyğun hərəkət edəcək: "Mən hər zaman partiyanın qərarına uyğun addım atmışam. YAP məsləhət bilib, namizədliyimi irəli sürmüşəm. Bu dəfə də belə olacaq. Namizəd olub-olmayacağım haqda qərarı partiya verəcək. Hər şey partiyanın qərarından sonra məlum olacaq. Əgər məsləhət görsələr, niyə də iştirak etməyim". 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, 20 ildən artıq deputat olmaq heç kimə yenidən namizədliyini irəli sürməyə maneə yaratmır. O, "Report"a açıqlamasında qeyd edib ki, həm Azərbaycan Konstitusiyasında, həm də Seçki Məcəlləsində deputat seçilmək üçün yaş həddinin ancaq aşağı həddi göstərilir: "Digər tərəfdən isə bir insanın neçə dəfə deputat seçilməsi ilə bağlı norma yoxdur. Əgər həmin şəxs vətəndaşlarla normal şəkildə işləyə bilirsə və seçicilər ona dəstək verirsə, niyə də yenidən seçilməsin? Burada nə qanuni, nə də mənəvi baxımdan heç bir qadağa yoxdur. Hərdən deputatların yaşı ilə bağlı müəyyən məsələlərə toxunulur. Amma bu, doğru deyil. Yaşından asılı olmayaraq, kimin deputat olmasını yalnız seçici həll edə bilər. Qanunvericilik tam imkan verir ki, istənilən Azərbaycan vətəndaşı istənilən qədər seçkili strukturlara namizədliklərini irəli sürsünlər. Əgər seçici onu dəstəkləyəcəksə, o, 25 il yox, 35-40 il də seçilə bilər". 

YAP rəsmisi hesab edir ki, bu, beynəlxalq təcrübəyə də zidd deyil: "Mən NATO Parlament Assambleyasının üzvüyəm. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, orada Böyük Britaniyadan, Avropanın ayrı-ayrı dövlətlərindən elə insanlar var ki, 40-45 il parlamentdə təmsil olunurlar. Məsələn, Böyük Britaniyadan olan Brus Corc həm Avropa Şurasının, həm ATƏT-in, həm də NATO-nun Parlament Assambleyasının üzvü olmuşdu. Hətta zarafatla deyirdilər ki, Brus Corc parlamentdə doğulub. Yəni o, cavan yaşlarından 90 yaşına kimi parlamentdə təmsil olunurdu. Bu məsələ eynilə bizə də aiddir. Yəni uzun müddət parlamentdə təmsil olunmaq həmin şəxsin yaxşı fəaliyyətindən, dövlətçiliyə sədaqətindən, işgüzarlığından, seçicinin etimadını qazanmasından asılıdır"

Son xəbərlər

Orphus sistemi