Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub

Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi silahlı münaqişələr zamanı mülk əhalinin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə həyata keçirilən açıq müzakirələrində iştirak edib və çıxış səsləndirib.
Daxili siyasət
2 İyun , 2020 17:04
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub
Xarici İşlər Nazirliyi / Report

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi silahlı münaqişələr zamanı mülk əhalinin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə həyata keçirilən açıq müzakirələrində iştirak edib və çıxış səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Daimi nümayəndəliyin çıxışında müzakirə olunan məsələnin BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət və xüsusilə də Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunur. 

Dünyada mülki əhalinin yeni və yaxud uzun müddətdir davam edən, aktiv və ya atəşkəs ilə dayandırılmış silahlı münaqişələrdən əziyyət çəkdiyi, on minlərlə mülki vətəndaşın öldürüldüyü və ya zərər çəkdiyi, milyonlarla insanın isə öz doğma yurdlarından didərgin düşdüyü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Çıxışda Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölüm ilə nəticələnən məcburi deportasiyası qeyd olunub, həmçinin 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülki infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub.

O, həmçinin çıxışında Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salındığını vurğulayaraq işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyini bəyan edib. Bununla yanaşı, Ermənistan tərəfindən sözügedən ərazilərdə hərbi quruculuq işlərin aparılması, ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətinin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyü qeyd olunub. Bu fəaliyyətin regionda sülh, təhlükəsizlik və sabitliyə təhdid yaratdığı, o cümlədən bununla yüz minlərlə insanın azadlıq və hüquqlarının pozulduğu ifadə edilib.

Daimi Nümayəndəliyimiz bu yaxında dərc edilmiş “Azərbaycan ərazilərində müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hərtərəfli hesabata istinad edərək, hesabatın Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edən dəlilləri əks etdirdiyini vurğulayıb.

Çıxışda BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı münaqişələr zamanı zərərçəkmiş mülki əhalinin qorunması məsələsinin daima diqqət altında saxlanılmalı olduğu və silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq olmaları üçün tələbin mütəmadi olaraq bəyan edilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi