“Azərbaycan Respublikası koronavirus xəstəliyinə qarşı mübarizədə beynəlxalq səyləri yaxından dəstəkləyir və Azərbaycan Respublikasının siyasətində həmişə çoxtərəfli diplomatiya, qlobal həmrəylik, qlobal əməkdaşlıq vacib prinsipial mövqedən ibarət olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Ona görə də bugünkü qlobal fövqəladə bir şəraitdə də Azərbaycan Respublikası öz xarici siyasətinin təməl prinsipindən çıxış edərək beynəlxalq münasibətlərdə əməkdaşlıq və həmrəyliyi dəstəkləyir. Bunun bilavasitə bariz nümunəsi kimi aprelin 2-də BMT Baş Assambleyasında koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik adlı qətnamə layihəsi irəli sürülmüşdü. Azərbaycan Respublikası həmin qətnaməyə həmmüəllif kimi qoşuldu. Bu da ölkəmizin beynəlxalq səviyyədə olan səyləri və bu bəlaya qarşı qlobal həmrəyliyə sadiq olduğunun bariz nümunəsidir", - deyə H.Hacıyev bildirib.