Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat tədbiri keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli qiymətləndirilmənin keçirilməsində əsas məqsədin dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması olduğunu deyib.
Hesabatı təqdim edən Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Rəvan Səmədov bildirib ki, pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 634 xidmət qiymətləndirilib.
R.Səmədov əlavə edib ki, mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %), ən aşağı nəticəni isə Diasporla İş üzrə Dövlət Komitəsi (0,25 %) göstərib: "Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək nəticə Binəqədi Rayon İcra Hakimiyyətinə, ən aşağı nəticə isə Səbail Rayon İcra Hakimiyyətinə məxsusdur. Hüquqi şəxslər sırasında isə ən yüksək nəticə "Azəristiliktəchizat" ASC-yə (20,31 %) aiddir".
O, həmçinin əlavə edib ki, ötən il də olduğu kimi bu il də bütün parametrlər üzrə ən yaxşı nəticəni göstərən xidmət müəyyən edilməyib: "Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində yaradılmış “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə alt sistemi üzərindən elektron formada həyata keçirilib, sistemin hesabatlılıq modulu vasitəsilə dövlət qurumları üçün arayışlar formalaşdırılıb".
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə çıxışında dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.
Sonda tədbir təşkilatçıları iştirakçıların suallarını cavablandırıb.