Paris. 4 oktyabr.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, simpoziumda Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, insan kapitalı üzrə beynəlxalq ekspert Peter Fisk, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə çıxış ediblər.
Beynəlxalq Sərgilər Bürosunun nümayəndələrinin, üzv dövlətlərin səfirlərinin və təmsilçilərinin iştirak etdikləri tədbiri açan Elçin Əmirbəyov insan kapitalının Azərbaycanın inkişafındakı rolu, ölkəmizin qlobal dialoq platformasına çevrilməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Bakıda “Ekspo 2025” üçün nəzərdə tutulan məkan haqqında ətraflı məlumat verib.
Visente Lossertales “Bakı Ekspo 2025”in mövzusunun qlobal əhəmiyyətindən danışıb. O, mövzunun Beynəlxalq Sərgilər Bürosunun missiyasına, dövrümüzün çağırışlarına cavab verdiyini vurğulayıb.
Peter Fisk insan kapitalının inkişafının əhəmiyyətinə toxunaraq təcrübəsini bölüşüb. O, yeni texnologiyaların tətbiqi ilə dövlət qurumlarının və özəl sektorun birgə fəaliyyətinin inkişafa töhfəsindən, innovasiya və tərəqqinin təşviqinin önəmindən danışıb.
Simpoziumda “Bakı Ekspo 2025”in BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan istedad, sağlamlıq və nailiyyət kimi alt mövzularına toxunulub.
Ceyhun Bayramov istedad alt mövzusundan danışaraq gələcək nəsillərin inkişafı və onlara dəstəkdən söz açıb. O, bacarıqlar, tədqiqatlar, innovasiyalar sahələrində ideyaların bütün dünyada insanların rifahının yüksəlməsinə töhfə verəcəyini vurğulayıb. Nazir Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramlarından da bəhs edib.
Nazir bildirib ki, “Ekspo” parkının girişində təşkil olunacaq “İstedad bulvarı” hər kəsin diqqətini cəlb edəcək. Real və virtual mühit yaradaraq yeni vasitələrə yiyələnmək və biliklərin mübadiləsini həyata keçirmək imkanı yaradılacaq.
“İnsanın istedadı qığılcımdır və bu, böyük alova çevrilə bilər. “Bakı Ekspo 2025” sərgisində çoxlu alovların yaranacağını səbirsizliklə gözləyirik. Azərbaycan hələ qədim zamanlardan “Odlar Yurdu” kimi tanınır”, - deyə C.Bayramov vurğulayıb.
Daha sonra Məryəm Qafarzadə sağlamlıq alt mövzusu üzrə çıxış edib.
Sahil Babayev ölkəmizin insan kapitalına sərmayə yatıraraq inkişafa necə nail olmasından danışıb. O, hər bir ölkənin gələcəyinin səhiyyə, təhsil və məşğulluqdan asılı olduğunu söyləyib. S.Babayev bütün cəmiyyətlərin tərəqqisi üçün yeni texnologiyaların transformasiya gücünün istifadə edilməsinin önəmini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Azərbaycan insan kapitalına sərmayə yatırımı sahəsində digər ölkələrə ən yaxşı nümunədir. O, son onillik ərzində ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, davamlı, hərtərəfli iqtisadi inkişafa nail olunması istiqamətində görülən işlərdən bəhs edib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Sonda Elçin Əmirbəyov simpoziumun iştirakçılarına müraciət edərək deyib ki, biz bu gün “Ekspo 2025” Ümumdünya Sərgisi üçün seçdiyimiz mövzunun dünya ölkələrinin həyatına necə müsbət təsir edə biləcəyi barədə ətraflı təqdimat nümayiş etdirmək imkanı əldə etdik. Bakı “Ekspo 2025” sərgisinə möhtəşəm şəkildə ev sahibliyi etmək üçün bütün imkanlara, əlverişli coğrafi mövqeyə və milli dəstəyə malikdir. Biz dünya ölkələrini qlobal əhəmiyyətli bir mövzu ilə 2025-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qəbul etməyə ümid edirik.