Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində "Bahar rəngləri" adlı sərgi keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgidə Muzeyin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin şagirdləri olan azərbaycanlı və gürcü uşaqların rəsmləri təqdim olunub.
Dərnəyin müəlliməsi Sevda Əbilova bildirib ki, dərnəkdə 5 yaşından 13 yaşa qədər olan uşaqlar təhsil alır. Onun sözlərinə görə, dərnəkdə rəssamlıqla yanaşı xalçaçılıq da tədris olunur. Sərgidə dərnək şagirdlərinin əl işləri olan və Azərbaycanın milli naxış və ornamentlərinin əks olunduğu xalça və kilim nümunələri də sərgilənib. Tədbir çərçivəsində dərnəyin 20-yə yaxın şagirdi tədrisdə fərqləndiklərinə görə diplomlarla təltif olunublar.