Paris. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Fransanın Villefrance sur Saone şəhərində keçirilən FESTİ turizm salonunda təmsil olunur.
“Report“un Qərbi Avropa bürosu bildirir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycanda qədim sivilizasiyanı, multikulturalizm ənənələrini, turizm imkanlarını nümayiş etdirən incəsənət əsərləri, əl işləri və digər nümunələr Villefrance sur Saone sərgilər şəhərciyində baş tutan sərgidə nümayiş olunur.
Fransa-Türkiyə dostluğu çərçivəsində təşkil edilən sərgidə azərbaycanlı rəssamların ölkəmizin təbii gözəlliklərini, o cümlədən xalqımızın əsrlər boyu yaradıb ərsəyə gətirdiyi sərvətlərini əks etdirən yağlı boya ilə işlənmiş rəsm əsərləri, fotolar, Heydər Əliyev Fondunun nəşr etdiyi fransız dilində kitablar, sənətkarlıq nümunələri, yerli məhsullarımız yer alıb. Sərginin ərsəyə gətirilməsində Azərbaycan Fotoqraflar Birliyi yaxından iştirak edib.
Sərgidə azərbaycanlı rəssam Mehri Quliyevanın Azərbaycanın rəngarəng və əfsanəvi təbiətini əks etdirən rəsm əsərləri yer alıb. Stendimiz fransalılar tərəfindən böyük maraqla qarşılanıb.
FESTİ turizm salonu noyabrın 4-nə kimi davam edəcək.
Bundan əvvəl Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb.