Bu ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 mlrd. manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsində məlumat verilib.
Məlumata görə, sənaye məhsulunun 80%-i mədənçıxarma, 17,6%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81% olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin fevralın 1-nə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.