Yuxarı

UNIDO: Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcəyik

Bakıda Yeni İpək Yolu regionunda sənayenin inkişafı layihəsinin iclası keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə "Yeni İpək Yolu regionunda inkluziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərin potensialından istifadə" layihəsinin ilk iclası keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə iştirak edən UNİDO-nun nümayəndəsi Olqa Memedoviç Azərbaycanın Asiya İnkişaf Bankınının CAREC Proqramının üzvü olduğunu xatırladıb: "Bu proqram çərçivəsində 6 önəmli nəqliyyat dəhlizi var. Bu gün Azərbaycana töhfəsini verəcək ikinci dəhliz barədə müzakirə aparmaq üçün buraya toplaşmışıq. Hazırda fikirlərimizi Azərbaycan üçün cəmləyirik, çünki bu ölkə bizim üçün doğrudan da örnək bir ölkədir. Azərbaycan bu layihə çərçivəsində böyük tədbirlər həyata keçirib, əmək sərf edib".

O.Memedoviç qeyd edib ki, bu layihənin keyfiyyətcə yeni səviyyəyə qaldırılması planlaşdırılır: "Layihə Azərbaycan da daxil olmaqla 6 ölkəni əhatə edir. Layihəyə müxtəlif tərəfdaşlarımızın maliyyə dəstəyi var. Amma buna baxmayaraq, gələcəkdə bu layihəni daha irimiqyaslı şəkilə salmağı, yəni beynəlxalq maliyyə institutlarının maliyyə dəstəyi ilə genişləndirməyi düşünürük. Hazırda layihənin ümümi dəyəri 2 mln. avro təşkil edir. Lakin bu, başlanğıc bir məbləğdir. Əslində bu vəsait layihənin bilik platforması üçün istifadə olunacaq. Eyni zamanda bu platforma çərçivəsində fikir mübadiləsi aparılacaq, müxtəlif sənaye və nəqliyyat dəhlizləri, logistika, ümumiyyətlə İpək Yolu boyunca dövlətlər barədə məlumat toplanacaq". 

Nümayəndənin sözlərinə görə, CAREC-in bu layihəsi çox iddialıdır: "Layihəyə dövlət dəstəyi almaqla daha böyük nəticələr əldə edə bilərik. Gələcəkdə layihəyə yeni ölkələri əlavə etmək mümkündür. Sahibkarlıq ölkə iqtisadiyyatının inkişaf mühərrikidir. Bu sahədə coğrafi, texnoloji keyfiyyətə və inkişafa səbəb ola biləcək hər amilə diqqət yetirmək lazımdır. İpək Yoluunun yeni inkişaf istiqamətlərini tapmaq lazımdır. Bu layihə regionlararası əməkdaşlığa böyük təkan verəcək. Eyni zamanda, bütün ölkələrdə inkluziv inkişaf proqramının tətbiqi çox önəmli məsələdir. Gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi