​"SOCAR Polymer" şirkətinə yüksək reytinq verilib - YENİLƏNİB

​"SOCAR Polymer" şirkətinə yüksək reytinq verilib - YENİLƏNİB "AK&M" agentliyi: Bu, şirkətin olduqca yüksək səviyyəli kredit ödəyicisi sinfinə aid olduğunu göstərir
Sənaye
27 İyul , 2016 15:57
​SOCAR Polymer şirkətinə yüksək reytinq verilib - YENİLƏNİB

İlk xəbər saat 15:00-da dərc olunub

Bakı. 27 iyul. REPORT.AZ/ "AK&M" reytinq agentliyi Azərbaycanın "SOCAR Polymer" şirkətinin kredit ödəmə qabiliyyətliliyi reytinqini milli şkalada "stabil" proqnozla "A+" səviyyəsində müəyyən edib. "Report" Agentliyin saytına istinadən xəbər verir ki, bu reytinq borclunun olduqca yüksək səviyyəli kredit ödəyicisi sinfinə aid olduğunu göstərir və şirkətin öhdəliklərini vaxtında yerinə yetirməməsi riski olduqca azdır.

"SOCAR Polymer" konkret texnoloji layihənin reallaşdırılması üzrə təşkil olunmuş tipik layihə maliyyələşdirilməsi şirkətidir. Bu şirkətə Sumqayıt şəhərinin sənaye zonasında polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası, eləcə də onların sonrakı istismarı tapşırılıb. Layihə üzrə əsaslı xərclər 770 mln. ABŞ dolları məbləğində müəyyən edilib. Layihənin reallaşdırılması üçün 489 mln. dollar kredit cəlb edilib. Etilen, propilen və hidrogen istehsalı üçün əsas xammal təchizatçısı kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çıxış edəcək.

Hazırda layihənin reallaşdırılması istehsal obyektlərinin inşası mərhələsindədir. Layihəyə əsasən, inşaat işləri 2018-ci ildə başa çatdırılacaq və artıq həmin ilin I yarısında "SOCAR Polymer"in ilk məhsulu hazır olacaq.

Şirkətin kredit ödəmə qabiliyyətinin yüksək qiymətləndirilməsi layihənin yüksək gəlirliliyə və maliyyə sabitliyinə malik olması, "SOCAR Polymer"in əsas maliyyə axınlarının balanslaşdırılması ilə bağlıdır. Bundan başqa, Şirkətə müvəqqəti vergi güzəştlərinin tətbiqi, həmçinin SOCAR-ın onun nizamnamə kapitalında və ümumilikdə layihədə iştirak etməsi "SOCAR Polymer"ə "A+" reytinqinin verilməsinə səbəb olub.

***

Polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi və istismara verilməsi layihəsi, istehsal olunacaq məhsullar yüksək gəlirlilik vəd edir. Layihənin xalis dəyəri (Net Present Value) 481 mln. dollar, onun reallaşdırılması ilə əldə olunan xalis mənfəətin ümumi məbləği isə 3,769 mlrd. dollar həcmində qiymətləndirilir.

Layihə üzrə daxili gəlirliliyin maksimal həddi (Internal Rate of Return) 17,9% təşkil edir ki, bu da qoyulmuş vəsatin 6 il ərzində geri qaytarılmasına imkan verir. Bu, 20 ildən artıq istismar müddəti nəzərdə tutulmuş zavodlar üçün kifayət qədər yüksək göstəricidir.

"SOCAR Polymer"in reytinqinin yüksək qiymətləndirilməsində əhəmiyyətli rolu layihə üzrə pul axınlarının balanslaşdırılması, çəkilmiş xərclərə görə gəlirlərin artması və maliyyə sabitliyidir. Bu layihənin reallaşdırılacağı dövrdə pul axını 3,6 mlrd. dollardan çox olacaq. Layihə üzrə illik maliyyə sabitliyi əmsalı isə 2015-ci il də daxil olmaqla 0,93-dən aşağı olmayacaq.

"SOCAR Polymer"in maliyyə axınlarının balanslaşdırılması və yüksək maliyyə sabitliyinə malik olması Şirkətin cəlb etdiyi kreditlərə və aldığı borclara problemsiz xidmət göstərmək üçün kifayət qədər geniş imkanlara malik olduğunu göstərir. Belə ki, layihə üzrə borcların bağlanması üçün orta illik əmsal 7,4 təşkil edir. Faizlərin ödənilməsi üçün minimal əmsalın 2018-ci ildə 1,4 olacağı, 2024-cü ilədək isə sürətlə artaraq 24,2-yə çatacağı gözlənilir.

Bu şərtlərlə borc yükünün dinamikası pozitiv xarakter daşıyır. Əgər 2018-ci ildə borc yükü əmsalı kifayət qədər yüksək olsa, 2019-cu ildə bu, 2,7-yə, 2020-ci ildə 1,7-yə qədər və s. olmaqla azalacaq.

Bundan başqa, "SOCAR Polymer"ə 2020-ci ilə qədər (ümumilikdə 7 illik müddətə) vergi güzəştlərinin verilməsi də mühüməhəmiyyət kəsb edir. Şirkətin bu müddətdə mənfəət, əmlak, torpaq vergilərindən, eləcə də texnoloji avadanlıqların idxalı üçün gömrük rüsumlarından azad edilməsi çox əhəmiyyətlidir. Vergi güzəştləri layihənin reallaşdırılması üçün əlavə maliyyə imkanları yaradır.

Layihənin sabit şəkildə və uğurla reallaşdırılmasını təmin edən daha bir amil isə SOCAR-ın burada iştirak etməsidir. "SOCAR Polymer"in nizamnamə kapitalında SOCAR-ın payı 51%-dir. Bundan başqa, SOCAR törəməsinin istehsal edəcəyi məhsullar üçün əsas xammal təchizatçısı olacaq.

Həmçinin, tərəflər arasında razılaşdırılıb ki, "SOCAR Polymer"in bütün məhsulları SOCAR-ın ticarət müəssisələri vasitəsilə realizə edilsin. Və nəhayət, layihənin gələcəkdə reallaşdırılması zamanı yarana biləcək mümkün maliyyə boşluğunun doldurulması üçün SOCAR-ın "SOCAR Polymer"in nizamnamə kapitalına tövhə verməsi də nəzərdə tutulub.

"SOCAR Polymer"in kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı narahatlıq doğuran məqamlar isə uzunmüddətli perspektivdə, o cümlədən davam edən iqtisadi böhran şəraitində bu məhsullara tələbatın və onların qiymətinin proqnozlaşdırılmasının çətinliyi ilə bağlıdır. Çünki "SOCAR Polymer" hələ istismara verilməyib, layihənin başlanğıc mərhələsində isə yüksək borc yükü mövcuddur.

Qeyd edək ki, layihənin əməliyyat fazası 2018-ci ildə başlanacaq və 2037-ci ildə başa çatacaq. Davam edən iqtisadi böhran şəraitində "SOCAR Polymer"in məhsullarına tələbatı və onların neçəyə satılacağını proqnozlaşdırmaq çətindir. Bu, məhsulların istehsal həcmi və əldə olunacaq mənfəətlə bağlı müəyyən risklər yaradır və gələcəkdə kredit ödəmə qabiliyyətliliyinə təsir edə bilər.

Son xəbərlər

Orphus sistemi