Bakı. 25 may. REPORT.AZ/ Bu gün "SOCAR Polymer" şirkətinin rəhbərliyi və əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslər üçün "İşlərin gedişatı barədə hesabat və təşkilatların icmalı" adlı təqdimat keçirilib.
"Report" xəbər verir ki, təqdimatdan əvvəl isə "SOCAR Polymer"in zavodlarının tikildiyi əraziyə baxış olub.
Təqdimatda mühəndislik, satınalma və inşaat sahələri üzrə işlərin cari vəziyyəti nümayiş etdirilib. Təqdimatda ümumi statistik məlumatlarla yanaşı, şirkətin əməkdaşları iş təcrübəsi, layihənin tamamlanma qrafiki haqqında məlumat verib, həmçinin proses mühəndisliyi, iş prosesi zamanı əldə olunan nailiyyətlərə dair nümunə, detallı mühəndislik, büdcənin idarə edilməsi və qiymətlərə nəzarət, xərclərə dair hesabat, avtomatik idarəetmə sistemləri, elektrik mühəndisliyi və cari fəaliyyət istiqamətləri, insan resursları və təşkilati inkişaf, "SOCAR Polymer" şirkətində inkişaf proqramı, təlimlər üzrə ümumi statistika və tələbələr üçün Yay Təcrübə Proqramı kimi mövzular barədə ətraflı məlumatlar təqdim edilib.