Bakı. 2 fevral. REPORT.AZ/ Dubayda (BƏƏ) dünyanın 20 ölkəsindən 80-dən çox şirkətin qatıldığı “Argus Xəzər və Mərkəzi Asiya hidrokarbonat bazarı-2017” mövzusunda V Beynəlxalq Konfrans keçirilib.
“Report” xəbər verir ki, həmin tədbirdə “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin neft və neft məhsullarının marketinqi və ixcarı şöbəsinin rəisi Camal Əliyarov “Azərbaycanda metanol istehsalının ixrac potensialı” mövzusunda çıxış ediblər.
Çıxışdan sonra Azərbaycanda metanol istehsalının imkanları və ixrac potensialı barəsində dinləyicilərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda Bakı Metanol Zavodu, səhmlərin 99%-i SOCAR-a, 1%-i isə “SOCAR GPC” MMC-yə məxsus olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur.