İnkişaf etmiş ölkələr sənayedə də olmaqla, qabaqcıl texnologiyaları dəstəkləmək üçün milyardlarla dollar xərcləyirlər. Bu, həmin dövlətlərin iqtisadiyyatlarına rəqabətqabiliyyətliliyi qorumağa və vətəndaşlarının həyat səviyyəsini yüksəltməyə imkan verir.
Azərbaycan da dördüncü sənaye inqilabının təşəbbüslərini və iqtisadiyyatın rəqəmsallaşdırılmasına çağırışları dəstəkləyir. Hələ 2020-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun (WEF) prezidenti Börge Brende WEF-in Davosda keçirilən illik toplantısı zamanı Bakıda WEF-in Dördüncü Sənaye İnqilabının filialının yaradılmasını nəzərdə tutan niyyət məktubu imzalayıblar. Hazırda bu filialın yaradılması prosesi davam edir. Bununla yanaşı, 6 yanvar 2021-ci il tarixində Azərbaycan Prezidenti İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Tarix üzrə fəlsəfə doktoru Emin Əliyev dördüncü sənaye inqilabının ən yaxşı nailiyyətlərinin Azərbaycanda da tətbiq edilməsi məqsədilə ABŞ, Çin və Avropa İttifaqı ölkələrində sənayedə innovasiyaların dəstəklənməsi təcrübələrini “Report” ilə bölüşüb.
Qlobal innovasiya xərclərinin 25%-i ABŞ-ın payına düşür
Mançester İnnovasiya Araşdırmaları Universiteti və Corciya Texnoloji Universitetinin professoru Filip Şapirin apardığı araşdırmadan göründüyü kimi, ABŞ-da innovasiyalara dəstək sistemi çox şaxələndirilmiş və mərkəzsizləşmiş formadadır. Onun üzvləri arasında federal və yerli idarəetmənin qolları, universitetlər, özəl sektor, qeyri-kommersiya təşkilatları və vasitəçi şirkətlər yer alır. Sistem böyük həcmdə elmi-tədqiqat və təcrübə-konstruktor işini (ETTKİ) yeniliklərin bazarda praktik tətbiqinə istiqamətləndirilməsini özündə birləşdirir (əsas tədqiqatlar dövlət qurumları tərəfindən maliyyələşdirilir). Federal hökumət infrastrukturun inkişafı və ünvanlı proqramlar vasitəsilə yenilikləri dəstəkləyir.
Yerli hökumətlər, öz növbəsində, adətən regional biznes və ştatların iqtisadi inkişaf proqramları ilə əlaqəli şirkətlərə birbaşa dəstək verirlər. Ağ Evin qiymətləndirməsinə görə, 2019-cu maliyyə ilində ABŞ-da innovasiyalara və ETTKİ-yə çəkilən toplam xərc 495 milyard dollar olub ki, bu da bütün dünya ölkələrinin analoji məqsədlər üçün ayırdığı vəsaitlərin 25%-ni təşkil edir.
ABŞ-da həmçinin sənayenin dəstəklənməsi proqramı – “Manufacturing USA” qüvvədədir. Proqram 14 özəl institutu və onları maliyyələşdirən üç nazirliyi (ticarət, müdafiə və energetika) birləşdirir. Bundan əlavə, kiçik və böyük istehsalçıları, elmi və digər birlikləri təmsil edən 1 900-dən çox təşkilat proqramın iştirakçısıdır. Hər bir institut qabaqcıl istehsalat texnologiyasının ayrı-ayrı sahəsi üzrə ixtisaslaşıb. Amma hamısının eyni məqsədi var – ölkənin gələcəyini yenilik, təhsil, komanda işi və məhsul buraxılışı yolu ilə təmin etmək. İnstitutlar proqram iştirakçıları arasında əlaqə qurur, sahələr qarşısındakı ən çətin problemləri həll etmək və ölkə sakinlərini qabaqcıl istehsal bacarıqlarına öyrətmək üçün birgə araşdırmalar aparır. 2017-ci il üçün olan son əlçatan məlumatlara görə, sənayenin ölkənin ÜDM-dəki payı 19,1% idi. Eyni zamanda, ABŞ-da tədqiqat və yeniliklərə çəkilən xərclərin payı UNESCO mütəxəssisləri tərəfindən ÜDM-in 2,7%-i səviyyəsində qiymətləndirilir.
Aİ innovasiyalar qarşısındakı maneələri aradan qaldırır
Avropa İttifaqının (Aİ) innovasiya siyasəti tədqiqatlar, texnoloji inkişaflar və sənaye arasında qarşılıqlı əlaqəni təmin edir. O, ideyaların bazar məhsullarına çevrilməsi üçün əlverişli əsas yaratmağı hədəfləyir. Avropa Parlamentinin materiallarında deyilir ki, Aİ-də innovasiyaları dəstəkləyən əsas alət bir neçə il sonra üçün qəbul edilmiş çərçivə proqramında göstərilən təşəbbüslərdir. Sonuncu hədəfləri, prioritetləri və maddi dəstəyin həcmini təyin edir. Aİ səlahiyyətliləri əməyin mühafizəsi, rəqabətin qorunması və ətraf mühitin qorunması sahəsindəki digər tədbirlərlə sıx əlaqəli olan innovasiya siyasətinin əhəmiyyətini qəbul edirlər. İnnovasiyanın əsas məqsədi şirkətlərin qlobal bazarda rəqabətədavamlı olmasını, eyni zamanda Aİ vətəndaşlarının həyat keyfiyyətlərinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə tədqiqatların nəticələrini yeni və təkmilləşdirilmiş məhsul və xidmətlərə çevirməkdir.
İndi Aİ ÜDM-nin 0,8%-ini ETTKİ-yə xərcləyir (Dünya Bankının məlumatına görə, 2018-ci ildə Avrozonanın ÜDM-i 13 646 milyard 587,75 milyon ABŞ dolları təşkil edib – red.) və bu göstəricidə ABŞ və Yaponiyadan geri qalır. Bundan əlavə, statistika gənc mütəxəssislərin “sızdığını” göstərir. Aİ-nin ən yaxşı tədqiqatçıları və yenilikçiləri daha yaxşı şərtləri olan ölkələrə üz tuturlar. Blok ölkələrinin ÜDM-də sənayenin payı (2017-ci il üçün mövcud son məlumatlara görə) 25,1%-dir.
Aİ bu tendensiyanı dəyişdirmək üçün innovasiyalar qarşısındakı maneələrin (bahalı patentləşdirmə, bazarın fraqmentasiyası, yavaş standartlaşma, peşəkar bacarıq çatışmazlığı) aradan qaldırılması, dövlət və özəl sektorun birgə iş metodunun kökündən dəyişdiriləməsini (Aİ institutları, milli və yerli hökumətlər, eləcə də biznes arasında yenilikçi ortaqlıqlar yaratmaq) nəzərdə tutan “innovativ ittifaq” konsepsiyasını hazırlayıb.
Aİ 2021-ci ildə ETTKİ-yə çəkilən xərcləri ÜDM-in 3%-i səviyyəsinə çatdırmaq niyyətindədir. Bu siyasət çərçivəsində tədqiqatların və innovasiyaların inteqrasiyasını nəzərdə tutan “Horizon 2020” proqramı qəbul edilib. Onun dəyəri 74,8 milyard avro olacaq.
Digər tərəfdən, Avropa Komissiyası müxtəlif ölkələrin səlahiyyətliləri tərəfindən milli sənayeyə və ya ayrı-ayrı şirkətlərə maliyyə dəstəyi göstərilməsini Aİ-nin digər üzv ölkələrindəki analoji sənaye sektorlarına qarşı haqsız üstünlük kimi qiymətləndirir.
Avropa Komissiyasının vəzifəsi yalnız geniş ictimaiyyətin maraqlarına xidmət etdiyi təqdirdə dövlət dəstəyinə icazə verərək haqsız rəqabətin qarşısını almaqdır. Yəni bu cür yardımlar cəmiyyətə və ya bütövlükdə iqtisadiyyata fayda gətirəcəksə, qəbul olunur.
Bununla belə, bu yanaşma kiçik və orta biznesə (KOB) kömək etməyi istisna etmir. Bunun üçün COSME proqramı hazırlanıb. Amma Aİ-də KOB-a maliyyə dəstəyi ümumiyyətlə birbaşa xarakter daşımır. Yardım yerli, regional və ya milli hökumətlər, həmçinin banklar və vençur şirkətləri kimi vasitəçilər yolu ilə həyata keçirilir. Onlar öz maliyyə alətləri vasitəsi ilə vəsait təmin edirlər.
COSME 2014-cü ildən fəaliyyət göstərir və geridə qalan bu müddətdə Avropa İttifaqı ona ümumilikdə 2,3 milyard avro vəsait ayırıb.
Çin böyük xarici güclərlə fərqi aradan qaldıracaq
Çin də yeniliklərə böyük əhəmiyyət verir. “Statista.com”un məlumatına görə, Çin şirkətləri 2009-2019-cu illər aralığında ETTKİ-yə 1,8 trilyon ABŞ dollarından çox pul xərcləyib.
Ölkənin statistika idarəsində hesab edirlər ki, ildən-ilə artan ETTKİ maliyyələşdirilməsi və onun strukturunun təkmilləşdirilməsi innovativ inkişaf strategiyasının həyata keçirilməsində yaxşı dayaqdır. Eyni zamanda, Çinin inkişaf etmiş ölkələrdən əhəmiyyətli dərəcədə geri qaldığı sahələr də qeyd edilib və bu baxımdan əsas tədqiqatlara çəkilən xərclərin ümumi xərclərdəki payı qabardılıb. Ölkənin aparıcı xarici güclərlə fərqi aradan qaldırması ehtimalı çox yüksəkdir. Çin yerli istehsalçılara kömək məqsədi ilə bir neçə fond yaradıb. Məsələn, Sənaye Yardım Fondunun 21 milyard ABŞ dolları həcmində kapitalı var. Vəsaitlər ölkənin Maliyyə Nazirliyi və bir neçə dövlət qurumu tərəfindən ayrılır. Çinin ÜDM-də sənayenin payına gəlincə, “Statista.com” bu göstəricinin 2019-cu ildə 39% təşkil etdiyini göstərir.