Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində Meysəri kəndindədəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.
“Report”un xəbərinə görə, “Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına məlumat verib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır.
Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaq doldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.
Fransız texnoloq Jam Montane bildirib ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə 3 adda “Sədəf”, “Mərcan” və “Məxməri” şərabları istehsal olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk məhsulları imzalayıblar.
Bildirilib ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
Müəssisənin işçisi Zahir Əliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkdirilib.