Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gələcəkdə logistika və anbar komplekslərinin, TİR parknını, topdan və pərakəndə satış obyektlərinin, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, 200 hektar ərazini əhatə edən sənaye parkının bir hissəsi artıq mina və partlamamış hərbi sursatlardan təmizlənib.
"Qarabağdakı sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək. Onlara böyük güzəştlər, o cümlədən vergi güzəştləri veriləcək. Real sektorun qurulması istiqamətində vacib hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlar potensialından istifadə olunmaqla müvafiq istehsal sahələrinin iqtisadi dövriyyəyə cəlb edilməsidir. Geniş spektrə malik təbii ehtiyatların mənfəətli istismarına əsaslanacaq hasilat sənayesinin dirçəldilməsi və qarşılıqlı faydalılıq əsasında beynəlxalq tərəfdaşlıq imkanlarının istifadəsi bu ərazilərdə iqtisadi canlanmanın əsas inkişaf vektorlarındandır. Ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək", - deyə S.Ələkbərov qeyd edub.
Bundan başqa, onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu əsasən hasilat sənayesi və sağlamlıq turizmi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi drayverlər ixtisaslaşa bilər. Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının tədqiqi, kəşfiyyatı və istismarı çərçivəsində İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Türkiyənin "Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri arasında “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilə” imzalanıb.