Neftçala. 6 avqust. REPORT.AZ/ Neftçala Sənaye Məhəlləsində Azərbaycan ilə İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməli qoyulub.
"Report"un Aran bürosu xəbər verir ki, zavod Azərbaycanın “Azeurocar” şirkətinin İranın “Iran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə əsasında inşa ediləcək.
Müəssisənin təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun tikintisi Azərbaycan və İran şirkətləri tərəfindən birgə reallaşdırılacaq. Müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil təşkil edəcək. Zavodda 300 yeni iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumi dəyəri 22,5 milyon manat olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyul ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.