Nazir müavini: "Tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək"

Nazir müavini: "Tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək" "Azərbaycanda qarşıdakı dövrdə ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək".
Sənaye
2 Noyabr , 2022 11:17
Nazir müavini: Tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək

"Azərbaycanda qarşıdakı dövrdə ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda deyib.

"Dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biri də iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunmasıdır. Dayanıqlı İnkişaf Məqsədləri (DİM), İqlim dəyişmələri üzrə Paris Sazişi üzrə çağırışların və ölkənin inkişaf prioritetlərinin reallaşdırılması bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını və ekoloji təmiz, enerji səmərəli texnologiyalardan istifadəni tələb edir. Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan Hökuməti, sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir", - o qeyd edib.

"Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit”, ”yaşıl enerji” milli inkişaf prioritetləri seçilib və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit”, “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib. Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 %-ə çatdırılması, o cümlədən regionlarda 10 % təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub. Həmçinin strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz iqtisadiyyatının isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir", - nazir müavini əlavə edib.

S.Məmmədovun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilib: "Müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası qarşımızda duran əsas vəzifədir. Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı 30 il ərzində davam etdirdiyi işğal nəticəsində yüzlərlə yaşayış məntəqəsi, dövlət və özəl əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb, ərazilərimiz çox böyük ekoloji fəlakətlə üz-üzə qalıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktura uyğun olaraq “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının, eləcə də “yaşıl enerji zonası” layihələrinin tətbiqi, ekoloji mühitin bərpası və sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir".

"Mühüm məqam dayanıqlı inkişafa nail olunmasında əməkdaşlığın və dialoqların roludur. "2030 Gündəliyi"ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iqtisadi, sosial və ekoloji potensialının daha da gücləndirilməsi üçün beynəlxalq investorların və iqlim dəyişiklikləri ilə mübarizəyə donor təşkilatların cəlb edilməsi, beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, həm özəl, həm də dövlət şirkətlərinin prosesə qoşulması və dövlət-özəl sektor tərəfdaşlığı vacibdir, ən qabaqcıl dünya praktikası da bunu təsdiqləyir. Bütün bu addımlar isə maraqlı tərəflərlə müzakirələrdən, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və bölüşdürülməsindən, habelə biliklərin təkmilləşdirilməsi və innovativ həllərin tapılmasından başlayır. Bu baxımdan “DİM Dialoqlar” təşəbbüsü çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, özəl sektor və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in və “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in icrasına və “yaşıl iqtisadiyyat”a keçidlə bağlı aparılan siyasətə öz müsbət töhfəsini verəcəyinə inanıram", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi