Muxtar Babayev: "Azərikimya" ötən il məhsulun 92%-ni ixrac edib"

Muxtar Babayev: "Azərikimya" ötən il məhsulun 92%-ni ixrac edib" Şirkət effektivliyi maksimal və sərmayəsi tez qayıdacaq layihələr həyata keçirir
Sənaye
3 Fevral , 2016 13:09
Muxtar Babayev: Azərikimya ötən il məhsulun 92%-ni ixrac edib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində 2015-ci ildə istehsal olunmuş məhsulun 92%-i ixrac olunub. "Report" xəbər verir ki, bunu "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev "İki sahil" qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, əsas satış bazarları Çin, Türkiyə, MDB, Avropa və s. ölkələrdir: "Bu bazarlarda istehsal etdiyimiz məhsullara tələbat olduqca böyükdür. Son illəri təhlil etsək, görərik ki, 2015-cil ildə rekord həcmdə polietilen istehsal olunub. Qarşıdakı ildə isə bu göstəricini daha da artırmağı düşünürük".

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri qeyd edib ki, Birlik həm istehsalı artıb, həm də xammal bazasını genişləndirib: "Müqayisə üçün deyim ki, 2009-cu ildə ancaq bir məhsul xammal formasında “Azərikimya”ya daxil olurdu. 2010-cu ildən başlayaraq müxtəlif xammaldan istifadə edirik. Üstünlük maye və quru qazlara verilir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan Sumqayıta borular çəkilib ki, bununla da yeni xammal növləri “Azərikimya”ya daxil olmağa başlayıb. Yeni xammal istehsalın artmasına, maya dəyərin aşağı salınmasına imkan verib. Neft-kimya sahəsi, polimerlər bazarı inkişaf edir, böyüyür. İstehlakçılar şüşə, dəmir, taxtadan olan məhsulların əvəzinə polimerlərə üstünlük verirlər. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu bazarda rolu artacaq, biz də bu istiqamətdə işlərimizi davam etdirəcək və yerli istehsalçılar üçün xammal məhsullarının istehsalını artıracağıq".

M.Babayev 2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan Karbamid Zavodundan da danışaraq bildirib ki, zavodda istehsal olunacaq karbamid gübrəsi üçün əsas ixrac bazarı Türkiyə olacaq: "Bu, həm yaxın bazardır, eyni zamanda Türkiyə hər il 1,5 mln. ton karbamid idxal edir. Ona görə də hesab edirəm ki, bazarın böyük bir hissəsi Türkiyə, qalan hissəsi isə digər istehlakçı ölkələr olacaq".

O, eyni zamanda dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar həyata keçirilən layihələrdə maksimal qənaət, xərclərin azaldılmasının başlıca vəzifə olduğunu bildirib.

M.Babayev qeyd edib ki, effektivliyi maksimal və sərmayəsi tez qayıdacaq layihələr həyata keçirilir: "Bizi qarşıda böyük modernizasiya işləri gözləyir və bu işlərə artıq başlanılıb. SOCAR-da neft emalı və neft-kimya istehsalatlarının yenidən qurulması üzrə yaxşı komanda yaranıb. Bizim bugünkü əsas istiqamətimiz ondan ibarətdir ki, qənaətlə bərabər, bu işləri plan üzrə və keyfiyyətlə yerinə yetirək. Bununla yanaşı, ekoloji layihələrin icrasını bir az da sürətləndirəcəyik. Bura sutəmizləmə qurğusunun tikintisini aid etmək olar ki, artıq onun layihəsi hazırdır".

Son xəbərlər

Orphus sistemi