"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundovla müsahibəni təqdim edir:
- Nəyə görə Azərbaycan Xəzər dənizinin sahilində yerləşməsinə baxmayaraq özünü balıqla təmin edə bilmir və idxaldan asılı vəziyyətdədir?
- Xəzər dənizinin bizi balıqla tam təmin etməməsi bu dəniz üçün son 15-20 ildə yaranmış ümumi bir tendensiyadır. Xəzər dənizində bu dövr ərzində balıq ehtiyatları xeyli tükənib. Burada balıq ehtiyatları təqribən 10 dəfəyə qədər azalıb. Xəzəryanı ölkələrdən heç biri Xəzər dənizindən kifayət qədər balıq məhsulları ovlamır və ondan bəhrələnə bilmir. Çünki Xəzər dənizinin ekosistemi çox zəifləyib və balıq ehtiyatları azalıb. Bu da bir neçə səbəbdən irəli gəlir. Bunların arasında həm insan faktorunu, həm də təbii təsirləri qeyd edə bilərik. İnsan faktoru dedikdə, ilk növbədə brokonyerlik, yəni qeyri-qanuni balıq ovu nəzərdə tutulur. Bu proses təkcə Azərbaycanda deyil, bütün xəzəryanı ölkələrdə də baş verir. Brokonyerlər dənizdən yetkinliyə çatmamış balıqları ovlayırlar və təbii çoxalmasına imkan vermirlər.Bundan əlavə, son 15-20 il ərzində Xəzərdə kilkə balıqların ehtiyatı 10 dəfə azalıb. Bu da balıq növlərinin nəslinin tükənməsinə gətirib çıxarır. Son 5-6 il ərzində orta illik temperaturun Xəzərin fiziki xassələrinə bir sıra dəyişikliklərin olmasına təsir göstərib. Ümumiyyətlə, Xəzərə tökülən çayların həcmi də azalıb. Bu, əsasən Volqa çayına aiddir. Bütün bu proseslər öz mənfi təsirini göstərməklə son dövrlərdə Xəzərin balıq ehtiyatlarının azalmasına gətirib çıxarıb. Ona görə də yaxın illərdə Azərbaycanda balıqçılığın inkişafı balıq ovlamaqla yox, balıq yetişdirməklə davamlı olacaq. Yəni ki, balıq ovlamaqdan, balıq yetişdirməyə doğru keçəcəyik ki, bu da akvakultura adlanır. İnsanların balıq tələbatını ödəmək üçün süni balıqlar yetişdirməli, təbiətdə olanları isə qorumalı, ovlanmasının qarşısını almalıyıq. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr tərəfindən nərə balıqlarının kommersiya məqsədilə ovlanması və satılmasına qadağa qoyulub. Odur ki, Azərbaycanda balıqçılığın inkişafı akvakultura ilə bağlı olacaq. Tarixən Azərbaycan akvakultura sahəsində regionda lider olub. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində burada illik təqribən 40-60 min ton balıq yetişdirilirdi. Əsasən də çəki balıqları.Həmin vaxt adambaşına təxminən illik 8-10 kiloqram balıq düşürdü. İndi isə dünya üzrə adambaşına illik təqribən 20 kiloqram balıq düşür. Azərbaycanda isə bu göstərici 2,5 kiloqramdır. Elə ölkələr var ki, orda bu göstərici 100 kiloqramdan çoxdur. Gərək Azərbaycanda yaxın zamanlarda akvakulturanı inkişaf etdirilsin.
- Azərbaycanda süni balıq yetişdirilməsinin inkişafı üçün hansı perspektivlər var?
- Təbiətdə balıqların sayının artması üçün Azərbaycanda balıq artırma zavodları fəaliyyət göstərir. O zavodlarda balıqlar yetişdirilib təbiətə buraxılır. Əlavə olaraq balıq yetişdirmə ilə də məşğul olaraq balıqməhsulları yetişdirib insanlara təqdim etməliyik. Bu istiqamətdə bizdə müəyyən addımlar atılıb. Bir neçə təsərrüfat var ki, orda bu proseslər gedir. “Az-Varvara” təsərrüfatı var ki, orada nərə balıqları yetişdirilir. Mingəçevir su anbarında, Yevlaxda Kür çayının kənarında onların qəfəsləri var. Bu balıqlar yaxın zamanlarda əhaliyə satılacaq. Ondan başqa Şəmkir rayonunda “Az-Forel” MMC fəaliyyət göstərir. Bu təsərrüfat iki ildir fəaliyyət göstərir. Sənayə miqyasına keçilməsi üçün orda qəfəslər qurulur. Şəmkir su anbarında qəfəslər qurulacaq. Həmin qəfəslərdə forel balıqlarının yetişdirilməsi planlaşdırılır. Azərbaycanda balıqçılığın inkişafı daha çox forelçiliyin, nərəçiliyin və digər yüksək məhsuldar damazlıq balıq növlərin yetişdirilməsinin inkişafı ilə bağlı olacaq. Çünki forel çəki balıqlarından daha qiymətlidir. Forel balıqları yalnız təmiz suda yaşaya bilər.
Neftçala rayonunda “Azərbaijan Fish Farm” adlı yeni bir təsərrüfat qurulub. Bu təsərrüfat da yaxın zamanlarda nərə balıqlarının istehsalı ilə məşğul olacaq. Pirallahı ərazisində “Nərəkənd” kompleksini də qeyd edə bilərik. Bu təsərrüfatlar nərə balıqlarının yetişdirilməsi, əhaliyə satılması və ixracını həyata keçirəcək. Nəticədə bizim idxaldan asılılığımız götürüləcək.
Növbəti mərhələdə isə Azərbaycanda dənizdə süni balıqların yetişdirilməsi planlaşdırılır. Bizdə bu sahə hələlik ilkin vəziyyətdədir. Bunun üçün ölkəmizdə perspektivlər var. Ekologiya Nazirliyinin Qaradağ ərazisində yerləşən zavodunda 4 qəfəsimiz var. Orda qızılbalığı bərpa üçün körpə balıqları yetişdirib saxlayırıq, sonra dənizə buraxırıq. Belə dəniz qəfəslərdən bərpa üçün deyil, yetişdirmək üçün də istifadə etmək olar. Demək istəyirəm ki, investorlar bu sahədə yeni layihələrlə çıxış edə bilərlər. Dənizdə qəfəslər qurmaq və balıq yetişdirmək üçün bizdə böyük imkanlar var.
- Azərbaycandan balıq əsasən hansı ölkəyə ixrac edilir?
- Azərbaycandan balıq ixracı əsasən Rusiyaya olunur. İxrac edilən balıqlar daha çox kilkə balıqlarıdır. Son zaman yetişdirilən balıq növləri var ki, onlar da Rusiyaya göndərilir. Misal olaraq akvakulturada yetişdirilən nərə balıqlarını göstərə bilərik. Bizim akvakultura məhsulları Rusiya bazarında rəqabətə davam gətirirlər. Çünki məhsullarımız keyfiyyətlidir. Ümumiyyətlə, tarixən Azərbaycanın balıq məhsulları keyfiyyətli olub.
- Əhalinin balıq məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi, eləcə də beynəlxalq göstəricilərə çatmaq üçün qarşıya qoyulan hədəflər hansılardır?
- Keçən il Nazirlər Kabinetinin qərarı ilə İşçi qrup yaradılmışdı və Ekologiya Nazirliyi burada koordinator idi. İşçi qrupunda Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Əmlak Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və 42 rayondan icra nümayəndələri iştirak edirdi. Biz bütün rayonlarda nohurçuluq təsərrüfatları ilə bağlı inventarizasiyalaşma aparmışdıq. Nəticədə 605 balıqçılıqla məşğul olan təsərrüfat müəyyən etmişik. Bu təsəsrrüfatların qeydiyyatı aparılmalı, uçota götürülməlidir. Hazırda biz onların uçota götürülməsi ilə məşğuluq. Həmin təsərrüfatlar uçota götürülsə, biz artıq növbəti mərhələdə nə etməli olduğumuzu təyin edəcəyik. Ümumi ərazisi təxminən 4 min hektar olan bu təsərrüfatlardan hər hektara görə təxminən bir ton çəkikimi balıq yetişdirib götürmək mümkündür. Bu da 4 min ton edir. 10 milyonluq əhali üçün 4 min ton çox azdır. Biz beynəlxalq səviyyəyə çatmaq üçün ildə 200 min ton balıq yetişdirməliyik. Belə böyük göstəriciyə nail olmaq üçün yaxın zamanlarda intensiv akvakultura, sənaye tipli təsərrüfatların yaradılmasına keçməliyik. Bundan öncə adlarını çəkdiyim təsərrüfatlar intensiv sənaye tipli təsərrüfatlardır. Yaxın zamanlarda bu təsərrüfatların sayı artacaq və balıq məhsullarımız çoxalacaq. 5-6 ilə adambaşına təqribən 10 kiloqram balıq yetişdirməyə nail ola bilərik. Bu bizim qarşıya qoyduğumuz istiqamət və tədbirlərdir. Akvakulturanın inkişafı ilə bağlı Ekologiya Nazirliyi dövlət proqramı hazırlayıb. Həmin proqrama indi baxılır və digər qurumların bu barədə rəyləri toplanır. Əgər rəylər müsbət olsa biz bu istiqamətlərdə fəaliyyəti davam etdirəcəyik və yaxın bir neçə il ərzində məqsədlərimizə çatacayıq. Yaxın zamanlarda balıqçılıq sahəsində daxili illik balıq istehsalı 50-100 min tona çatdırsaq idxaldan asılılıq götürülər. İntensiv sənaye tipli təsərrüfat yaratmaq üçün bu sahəyə pul yatıran investorlar olmalıdır. Qəfəsləri quraşdırmaq üçün müəyyən qədər pul lazımdır.
- Balıqçılıq təsərrüfatlarına nəzarət, onların fəaliyyətlərinin tənzimlənməsi hansı formada həyata keçirilir?
- Balıqçılıq sektorunda ən çox idaəretmədən əziyyət çəkirik. İdarəetmə sistemi zəifdir. Ona görə də bu sahədə kökündən dəyişiklik etmək lazımdır. Bizdə balıqçılıq üzrə müvafiq qanunvericilik var. Amma idarəetmə sistemində islahatlar olmalıdır. Bizdə balıqçılıq təsərrüfatlarını idarə edən, istiqamətləndirən ayrıca bir qurum yoxdur. Bu işlər Ekologiya Nazirliyi tərəfindən aparılır. Bu sahədə ayrıca bir nəzarətedici və tənzimləyici struktur olmalıdır. Balıqçılıq təsərrüfatlarını istiqamətləndirən, inkişafına nəzarət edən, bu sahəyə investorlar cəlb edən, əhali ilə işləyən bir dövlət qurumu və assosiasiyalar yaradılmalıdır.
Bir ilə balıqçılıq təsərrüfatlarının uçotunu başa çatdırsaq, qarşımızda başqa məsələlər qalır. Məsələn, dövlət tərəfindən subsidiyaların verilməsi, balıqçılıq təsərrüfatlarının vergidən azad edilməsi məsələləri. Bu addımlar balıqçılığın inkişafına böyük təkan verə bilər. Digər ölkələrdə bu cür təcrübələr mövcuddur. Hazırda bu istiqamətdə təkliflər hazırlayırıq. Lakin ilk növbədə ölkədə fəaliyyət göstərən təsərrüfatların uçotunu aparmalı, kimlərlə əməkdaşlıq edəcəyimizi bilməliyik. Bu sektoru müasir və sivil formada inkişaf etdirmək lazımdır. Təsərrüfatların uçota alınmasına artıq başlamışıq. Lakin qeydiyyatı aparılan təsərrüfatların sayı hələ ki, azdır. Bütün təsərrüfatları uçota götürməli, onlarla əlaqə saxlamalı, hamısını elektronlaşdırmalıyıq. Lazım olsa bu təsərrüfatla məşğul olanlara təlimlər keçə, məlumatlar da verə bilərik. Hələ ki, bizdə bu proses zəif gedir. Düşünürəm ki, bütün təsərrüfatların uçota alınması maksimum 1 il və ya il yarım çəkər. Çalışarıq ki, bu məsələləri ilin axırına qədər tamamlayaq.