Yuxarı
    Bağlamaq

    Karbamid zavodunun tikinti işləri üzrə baş podratçısı mexanika-montaj işlərinin 95%-ni görüb

    Şirkət beton işlərinin 100%-ni yerinə yetirib

    Bakı. 15 iyul. REPORT.AZ/ “Prokon” MMC (“Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə olunması ilə məşğul olan törəməsi) Sumqayıtda inşa olunan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun tikintisi çərçivəsində mexanika-montaj işlərinin 95%-ni icra edib.

    “Nobel Oil Services” şirkətindən “Report”a verilən məlumata görə, şirkət metal və polad konstruksiyalarının montajı və quraşdırılması işlərinin 99%-ni, beton işlərinin isə 100%-ni yerinə yetirib.

    Layihənin ümumi tikinti işləri üzrə baş podratçı qismində çıxış edən “Prokon” MMC mühəndis-layihələndirmə, satınalma/təchizat və tikinti üzrə podratçı olan “Samsung Engineering Co., Ltd.” şirkəti ilə birgə iş aparır. Layihə çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış və sayı təqribən 2500-3500 nəfər təşkil edən işçi qüvvəsi cəlb edilib. Karbamid layihəsi çərçivəsində “Prokon” MMC qruntun çıxarılması, yenidən doldurulması, beton, tikinti, boru çəkilişi, metal və polad konstruksiyaların montajı və quraşdırılması, elektrik avadanlıqları və nəzarət-ölçü cihazları, rəngləmə, izolyasiya və s. xidmətləri həyata keçirir.

    Karbamid zavodunda mexaniki işlər bu ilin dekabr ayında tamamlanacaq, gələn ilin II rübündə zavod SOCAR-a təhvil veriləcək.

    2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" prinsipi əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək.

    Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid və 1 200 ton ammonyak istehsal edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi