Rəqabət qabiliyyətli iqtisadi dayanıqlılığa nail olunması üçün əsas faktorlardan biri emal sənayesinin inkişaf etdirilməsi, hasilat və emal subyektləri arasında əlaqənin gücləndirilməsidir. Emal sənayesinin inkişafı üçün isə xammal təchizatı önəmli məsələdir.
İqtisadçı ekspert Eldəniz Əmirov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan emal sənayesi üçün lazım olan xammal ehtiyatları ilə zəngin ölkədir:
“İxracımızın böyük hissəsini məhz xammal ixracı təşkil edir. Xüsusən ixracımızda neft və neft məhsulları böyük rol oynayır. Halbuki neft emalı sənayemiz daha çox inkişaf etsəydi, "Aİ-95" markalı benzini idxal etmək asılılığından qurtarmış olardıq. Hazırda biz "Aİ-92" markalı benzini ixrac edirik, amma "Aİ-95" benzinin də ixracatçısı ola bilərdik və neft məhsullarını daha kütləvi şəkildə ixrac edərdik. Karbohidrogen ehtiyatları baxımından emal sənayemiz inkişaf yolundadır, çünki ölkədə xammal bolluğu kifayət qədər yüksəkdir. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir və bu işlərin 2026-2027-ci illərdə yekunlaşdırılması nəzərdə tutulur".
Onun sözlərinə görə, ixrac etdiyimiz kənd təsərrüfatı məhsulları əslində xammaldır: "Biz meyvə ixrac edirik ki, bu meyvə aqrar-sənaye kompleksi üçün xammaldır. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirə bilsəydik, bu məhsulları emal edərək daha dəyərli məhsul şəkilində sata bilərdik. Amma biz meyvələri xammal olaraq satırıq. Çalışmalıyıq ki, kənd təsərrüfatı məhsullarını tarladan və fermadan deyil, emal müəssisələrimizdən xaricə çıxaraq. Bu zaman əlavə dəyər yaratmış olarıq”.
O, vurğulayıb ki, Cənub zonası, Quba və digər ərazilər meyvə-tərəvəzçilik baxımından önəmlidir: "Şəki-Zaqatala bölgəsində yetişdirilən fındığı biz xaricə satırıq. Halbuki, fındığın özü, qabığı, yaşıl rəngdə olan üst hissəsi bir xammaldır. Hansı məhsula baxsaq, o ixrac məhsulu olmaqla bərabər həm də xammal məhsuludur. Sadəcə biz emal sahələrini yarada bilmirik".
E.Əmirov deyib ki, Azərbaycan tikinti xammalı ilə də kifayət qədər zəngindir:
“Düzdür, elə xammal var ki, onunla bağlı çatışmazlığımız var. Məsələn, taxta-şalban materialı üçün meşələrdə xammal ehtiyatımız kifayət qədər deyil. Azərbaycan ərazisinin cəmi 11 %-i meşəlik ərazidir. Quruluş baxımından bu meşələrdə ağacların çox hissəsi taxta-şalban hazırlanması üçün uyğun deyil. Amma elə məhsullarımız var ki, onlarla emal sənayesini inkişaf etdirmək olar. İşğaldan azad edilmiş ərazilərimizdə bu məhsulların xüsusi çəkisi daha yuxarıdır. Əhəngdaşı, sement və digər tikinti təyinatlı məhsullar bizdə kifayət qədərdir. Naxçıvan özü kifayət qədər geniş xammal ehtiyatlarına malikdir. Amma bu potensialdan istifadə olunmur".
Ekspert bildirib ki, Azərbaycanda yalnız müəyyən innovativ məhsulların istehsalı üçün xammal defisitdir: "Bu sahədə idxaldan asılılığımız böyükdür. İnnovativ, texnoloji məhsulların istehsalı üçün xammal təchizatının xaricdən gətirilməsi mütləqdir. Amma bizim digər sahələr üzrə, yəni istər tikinti, istər, kənd təsərrüfatı, istər neft sənayesi, hansı sayəhə baxsaq, görərik ki, ölkənin kifayət qədər xammal ehtiyatı, emal potensialı var”.
E.Əmirov Azərbaycanda emal sənayesinin inkişafına mane olan səbəblərə də toxunub:
“Emal sənayesinin inkişafında problemlər mövcuddur: "Bu problemlərdən biri kənd təsərrüfatına tətbiq edilən güzəştlərin emal sənayesinə tətbiq edilməməsidir. Vergi-gömrük güzəştləri və digər xüsusi güzəştlərin tətbiqi bu sahəni ciddi inkişaf etdirə bilər. Digər məsələ subyektiv faktorlardan qaynaqlanır. Bəzən xaricdən mal gətirib Azərbaycanda satan təsərrüfat subyektlərinin yerli emal müəssisələrinin yaradılmasında maraqsız olduğunu görürük. Çünki məhsulu xaricdən gətirib satarkən daha çox pul qazanırlar.Yerli emalın ölkəmizdə inkişaf etdirilməsi müəyyən təsərrüfat subyektlərinin iqtisadi maraqlarına xidmət etmir. Əslində isə xammal və potensial varsa, qanunvericiliklə müəyyən güzəştlər tətbiq edilərək bu sahəni inkişaf etdirmək olar və bunun üçün o qədər də böyük zəhmət və vəsait tələb edilmir. Sadəcə ciddi bir istək olmalıdır”.