Bu ilin sonuna qədər Ağdam Sənaye Parkında daha 6 müəssisə fəaliyyətə başlayacaq.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.
"Parkda 27 müəssisə qeydiyyatdan keçib ki, bunun da 21-i rezident, 6-sı isə qeyri-rezident statusludur. Onların layihələrinin ümumi dəyəri 195,5 milyon manatdır. Bu il artıq 1 müəssisə fəaliyyətə başlayıb, 6 müəssisənin isə açılışı gözlənilir. Eyni zamanda daha 10 müraciət üzərində iş gedir. Onların da 6-sı rezident statusu almaq üzrədir", - deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycanda 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən - xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir.