Bakı. 1 noyabr. REPORT.AZ/ Son illərdə, xüsusilə 2008-2009-cu illər maliyyə böhranından sonra qızıla maraq xeyli azalıb.
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, qızıla marağın azalması yeni qızıl yataqlarının işə düşməsini azaldıb, bu da gələcəkdə qızıl qıtlığı və qiymət artımına səbəb ola bilər.
Kanadanın "Franco-Nevada" qızıl hasilatçısı şirkətinin qurucularından biri və sədri Pyer Lasson (Pierre Lassonde), Almaniyanın "Finanz und Wirtschaft" maliyyə qəzetinə müsahibəsində bildirib ki, "hazırda iri qızıl yataqlarının sayında azalma müşahidə olunur. C.Afrikada ("Witwatersrand"), ABŞ Nevada ştatında "Carlin Trend" və Avstraliyada "Super Pit" məşhur qızıl yataqları öz ömürlərini başa vurmaq üzrədir".
"S&P Global Market Intelligence"ə görə, yeni yataqların kəşfiyyatına xərclənən vəsait son 4 ildə azalmağa davam edir. 2016-cı ildə kəşfiyyat işlərinin büdcəsi 6,9 mlrd. dollar təşkil edib ki, bu da son 11 ilin minimal göstəricisidir. 2017-ci ildə investisiyaların bir qədər artdığı müşahidə olunsa da, bu, 2012-ci ilin maksimal həddindən xeyli aşağıdır.