Bakı. 2 iyun. REPORT.AZ/ Çin Milli Neft Korporasiyası (CNPC) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi nəzərdə tutduğu Neft-qaz emalı və neft-kimya Kompleksi (OGPC) layihəsində iştirak edə bilər.
"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
"CNPC Çinin qaz-kimya sahəsində ən böyük şirkətidir. Onlarla danışıqlara başlanılıb. Çin şirkəti bu layihədə investor kimi iştirak etmək istəyir. Həm də Çin bankları və "Eximbank"ların layihənin maliyyələşdirilməsində iştirak etməsini təklif etmişik", - deyə R.Abdullayev qeyd edib.
Qeyd edək ki, dünən SOCAR və CNPC arasında neft-qaz və neft-kimya sahələrində qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.