Cəbrayılda Naxçıvandan olan sahibkarlar üçün 14 hektar ərazi ayrılıb

Cəbrayılda Naxçıvandan olan sahibkarlar üçün 14 hektar ərazi ayrılıb Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında Naxçıvan sahibkarlarının da fəaliyyət göstərməsi nəzərdə tutulur.
Sənaye
15 İyun , 2023 17:00
Cəbrayılda Naxçıvandan olan sahibkarlar üçün 14 hektar ərazi ayrılıb

Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında Naxçıvan sahibkarlarının da fəaliyyət göstərməsi nəzərdə tutulur.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan MR-nın iqtisadiyyat naziri Tapdıq Əliyev yerli sahibkarlarla görüşdə bildirib.

O, əvvəlcə iş adamlarına “Araz Vadisi İqtisadi Zonası” barədə məlumat verib, bildirib ki, sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi aqrar məhsulların emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər sahələri əhatə edən məntəqələrin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

Nazir qeyd edib ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün də 14 hektar sahə müəyyənləşdirilib. Ərazidə Naxçıvan Sahibkarlar Konfederasiyasının vasitəsi ilə logistik anbarlar yaradılacaq. İlkin vaxtlarda parkda əsasən tikinti materiallarının satışı nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə digər sahələr üzrə depoların tikintisi nəzərdə tutulub.

"Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nı da diqqətə çatdıran T.Əliyev qeyd edib ki, Naxçıvanda da böyük iqtisadi layihələr reallaşdırılacaq, investisiya mühiti canlanacaq, yeni iş yerləri açılacaq və nəticədə sosial-iqtisadi inkişaf tempi və məşğulluq səviyyəsi daha da artacaq. Yaxın vaxtlarda muxtar respublikada yeni sənaye parkının tikintisi nəzərdə tutulur. Digər sənaye parklarında olduğu kimi burda da sahibkarlar və investorlar üçün yüksək güzəştlər tətbiq olunacaq.

Nazir sözügedən həyata keçirilməsinə dair tədbirlər planında işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Naxçıvan məhsullarının istifadəsinin təşviqinin əhəmiyyətindən danışıb. Nazirliyin şöbə müdiri Xudakərim Məmmədov isə slaydlar vasitəsilə sənaye parkının əhəmiyyətini və orda sahibkarlar üçün yaradılacaq şəraitin əhəmiyyətini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi