Bu ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 8,8 mlrd. manat təşkil edib.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 77,6%-i mədənçıxarma, 19,7%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 300,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 84,6 mln manat məbləğində digər məhsullar da mövcud olub.