Bakı. 16 fevral. REPORT.AZ/ Cari ilin aprel ayında Britaniyanın neft maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcəklər.
"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Syu Vitbred (Sue Vitbread) məlumat verib. O bildirib ki, Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
"2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-Azərbaycan Əməkdaşlıq Forumu keçirilib. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır", - deyə S.Vitbred qeyd edib.
Xatırladaq ki, Londonda keçirilmiş Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif edib, Britaniya tərəfi təklifi razılıqla qarşılayıb.