Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 17% artırıb

Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 17% artırıb Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkətinin 2018-ci il ərzində Gədəbəy ərazisində hasilatı 17% artaraq 83 736 unsiya qızıl ekvivalenti olub.
Sənaye
1159
16 Yanvar , 2019 11:35
Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 17% artırıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2018-ci il ərzində Gədəbəy ərazisində hasilatı 17% artaraq 83 736 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin ötən illə bağlı hesabatında qeyd olunub.

2018-ci ildə qızıl hasilatı 72 798 unsiya, mis hasilatı 1 645 ton, gümüş hasilatı isə 210 184 unsiya təşkil edib. Qızıl hasilatında 22%, gümüş hasilatında 21,6% artım, mis hasilatında isə 17,4% azalma qeydə alınıb.

Ötən ilin IV rübündə isə hasilatın həcmi illik 5% azalaraq 21 945 unsiya qızıl ekvivalenti təşkil edib.

2018-ci ilin IV rübündə qızıl hasilatı illik müqayisədə 17% azalaraq 18 209 unsiya, mis hasilatı 5 dəfə artaraq 588 ton, gümüş hasilatı isə 39% artaraq 65 822 unsiya təşkil edib.

2018-ci ildə şirkət 59 481 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 265 dollar təşkil edib. 2017-ci ildə isə 43 496 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 265 dollar olub.

Ötən ilin IV rübündə isə satışın həcmi 15 066 unsiya, qiyməti isə 1 231 dollar/unsiya olub.

Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırıb. 

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi