Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2018-ci il ərzində Gədəbəy ərazisində hasilatı 17% artaraq 83 736 unsiya qızıl ekvivalenti olub.
“Report” xəbər verir ki, bu barədə şirkətin ötən illə bağlı hesabatında qeyd olunub.
2018-ci ildə qızıl hasilatı 72 798 unsiya, mis hasilatı 1 645 ton, gümüş hasilatı isə 210 184 unsiya təşkil edib. Qızıl hasilatında 22%, gümüş hasilatında 21,6% artım, mis hasilatında isə 17,4% azalma qeydə alınıb.
Ötən ilin IV rübündə isə hasilatın həcmi illik 5% azalaraq 21 945 unsiya qızıl ekvivalenti təşkil edib.
2018-ci ilin IV rübündə qızıl hasilatı illik müqayisədə 17% azalaraq 18 209 unsiya, mis hasilatı 5 dəfə artaraq 588 ton, gümüş hasilatı isə 39% artaraq 65 822 unsiya təşkil edib.
2018-ci ildə şirkət 59 481 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 265 dollar təşkil edib. 2017-ci ildə isə 43 496 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 265 dollar olub.
Ötən ilin IV rübündə isə satışın həcmi 15 066 unsiya, qiyməti isə 1 231 dollar/unsiya olub.
Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.