Bakıda korporativ idarəetmənin sənayedə tətbiqinə dair tədbir keçirilib

Bakıda korporativ idarəetmənin sənayedə tətbiqinə dair tədbir keçirilib Tədbirdə 40-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak ediblər
Sənaye
3 Mart , 2016 13:38
Bakıda korporativ idarəetmənin sənayedə tətbiqinə dair tədbir keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramına (2015-2020-ci illər) uyğun olaraq korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair tədbir keçirilib.

“Report” xəbər verir ki, “Korporativ idarəetməyə giriş, korporativ idarəetmə anlayışı” mövzusunda təşkil edilən tədbirdə müvafiq dövlət qurumları və 40-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, investorlar üçün cəlbediciliyin artırılması, səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır: “Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı Nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçirilməsi nəzərdə tutulur. Bu gün ölkədə və dünyada baş verən iqtisadi böhran demək olar ki, bütün sahələrə mənfi təsir göstərib. Bu səbəbdən də hazırda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi olduqca vacibdir. İlk öncə şirkətlərdə, yerli müəssisələrdə korporativ idarəetmə inkişaf etdirilməlidir. Bunun üçün Nazirlik tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

S.Məmmədovun sözlərinə görə, müəssisələrdə korporativ idarəetmənin inkişafı eyni zamanda yerli məhsulların dünya bazarına uyğunlaşdırılmasına səbəb olacaq: “Ölkə başçısının sərəncamına əsasən, neft və qeyri-neft məhsullarının ixracında sahibkarlara dəstək veriləcək. Əsasən də neft məhsullarının ixracında sahibkarlara bir sıra güzəştlər tətbiq ediləcək. Eyni zamanda, yerli müəssisə və şirkətlər xarici partnyorların tapılmasında, yerli sahibkarlığın inkişafı istiqamətində risklərin araşdırılması və s. məsələlərdə müəssisələrə dəstək olunacaq. Əgər yerli müəssisələr inkişaf etmək istəyirsə, müəyyən edilən standartlara mütləq riayət etməli və yeni çıxan qaydalarla yaxından tanış olmalıdır. Sahibkarlar bu sahədə çıxan yenilikləri müləq izləməlidir. Yeni qanunların, tətbiq edilən qaydaların, bu sahədə baş verən yenilikləri izləmək onların biznesinin inkişafına böyük təsir göstərəcək”.

Daha sonra çıxış edən İqtisadiyyat Nazirliyi korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin əhəmiyyəti, eləcə də bu idarəetmənin müəssisələrdə tətbiqi, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi