Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır..
Sərəncamda bildirilir ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.
Sərəncamda Nazirlər Kabinetinə Pirallahı Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək. Nazirlik, həmçinin Cəmiyyətə Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək edəcək, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.
Sərəncama əsasən Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq dörd milyon manat ayrılıb.