"Azərikimya"nın Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi üzrə müqavilə imzalanıb

"Azərikimya"nın Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi üzrə müqavilə imzalanıb Müqaviləni "Azərikimya"nın Müşahidə Şurasının sədri Muxtar Babayev və “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Villa imzalayıblar
Sənaye
9 Mart , 2016 17:57
Azərikimyanın Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi üzrə müqavilə imzalanıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun yenidən qurulması layihəsi çərçivəsində Birlik ilə “Technip İtaly” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanması mərasimi keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo), “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Villa, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

R.Abdullayev qonaqları salamlayaraq, Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib. O bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış polipropilen və polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq. R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, Piroliz qurğusu üzrə əsas lisenziarlardan biri olan, habelə piroliz qurğularının rekonstruksiyası üzrə dünyada və o cümlədən, MDB ölkələrində böyük təcrübəyə malik “Technip İtaly” şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib. 

Mərasimdə vurğulanıb ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaq. 

Daha sonra sənədin imzalanması mərasimi keçirilib. Müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Villa imzalayıblar. Bununla da “Technip İtaly” şirkəti Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi çərçivəsində Detallı Mühəndislik və Təchizata dəstək üzrə ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlayıb. 

Qeyd edək ki, baş ofisi Parisdə yerləşən “Technip” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1997-ci ildən Azərbaycanda mühəndislik xidmətləri göstərib, o cümlədən “Şahdəniz” və Neft-Qaz Emalı Neft Kimya Kompleksi (NQENKK) kimi irimiqyaslı layihələrdə iştirak edib. Şirkət hazırda “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun yenidənqurulması layihəsi ilə yanaşı, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini də həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi