Bu ilin I rübündə "AzerGold" QSC 10 592 unsiya qızıl istehsal edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Bu göstərici ötən ilin eyni dövrünə nisbətən az olsa, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən illin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq", - deyə qurum bəyan edib.
Xatırladaq ki, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənib, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanıb. Beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa imkan yaradıb.
Bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar” mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırıb. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilə qədər uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 520 min unsiya artırılıb, 732 min unsiyaya çatdırılıb. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq, sözügedən həcmlərin daha da artırılması istisna edilmir.
Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilib, xətlərin mövcud istehsal imkanları 50% artırılıb. Hazırda topa aşındırma üsulu ilə fəaliyyət göstərən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction” beynəlxalq şirkəti müvafiq işlər görür.