Bakı. 10 aprel. REPORT.AZ/ “AzerGold” QSC tərəfindən 2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20 000 metrdən çox təşkil edəcək.
QSC-dən “Report”a verilən məlumata görə, “AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini başa çatdırıb.
Ölkə başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq “AzerGold” QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə Cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.
Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən “Çovdar” mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə davam etdirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə “Çovdar” yatağından 5-7 kilometr məsafədə yerləşən “Ağyoxuş” perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” sahəsində 2017-ci ilin 4-cü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.
Bildirilib ki, “AzerGold” QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur: “Geofiziki tədqiqat işləri Cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsi ilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.
Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan “SRK Consulting”və “Micon International Limited” (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir”.










