“AzerGold”, AİŞ və Hindistan şirkəti Anlaşma Memorandumu imzalayıb

“AzerGold”, AİŞ və Hindistan şirkəti Anlaşma Memorandumu imzalayıb Bu gün “AzerGold” QSC, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənaye
25 Oktyabr , 2023 17:01
“AzerGold”, AİŞ və Hindistan şirkəti Anlaşma Memorandumu imzalayıb

Bu gün “AzerGold” QSC, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə memorandumu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov, AİŞ-in İcraçı direktoru Ülvi Mansurov və “Devngi İnnovations LLP”nin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar.

Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.

Tədbirdə çıxış edən Z.İbrahimov qeyd edib ki, müasir nəqliyyat-logistika infrastrukturuna malik olan Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə imkan verir. Bu xüsusda dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə hesab edilən Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulmasının ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd etdiyi bildirilib.

İdarə Heyətinin sədri təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğunu nəzərə alaraq, Azərbaycanın Kimberley Prosesinə üzv kimi qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edildiyini, həmin qurumların prosesə başladığını bildirib. Z.İbrahimov Azərbaycanın Prosesə üzvlüyü təsdiqləndikdən sonra təbii almaz emalı sahəsinin qurulması istiqamətində də tərəflərin birgə səyləri ilə müvafiq addımların atılacağını qeyd edib. O əlavə edib ki, layihənin uğurlu icrası nəticəsində yeni istehsal sahələri, iş yerləri yaranacaq, yeni növ məhsulların ixracı və idxalı həyata keçiriləcək. Bu, qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının artmasına, ölkəmizin zərgərlik sənayesinin çoxşaxəli inkişafına da öz müsbət təsirlərini göstərəcək.

Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan və Hindistan arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev isə ölkəmizdə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirdə, həmçinin Ü.Mansurov, S.N.Vaviya, eləcədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Zonada yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər.

“Devngi İnnovations LLP” sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi