Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib - YENİLƏNİB

Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib - YENİLƏNİB Tacikistan, Qırğızıstan, Solomon adalarının da üzvlüyü dayandırılıb
Sənaye
10 Mart , 2017 12:42
Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib - YENİLƏNİB

Bakı. 10 mart. REPORT.AZ/ Martın 8-9-da Boqotada (Kolumbiya) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib.

Neft Fondundan “Report”a verilən məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkə – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib. Bununla əlaqədar olaraq, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Ş.Mövsümov bəyanatla çıxış edib.

Ş.Mövsümov bəyanatda Azərbaycanın MHŞT sahəsində bir çox ilklərə imza atan ölkə olduğunu vurğulayaraq hökumətin ilk gündən MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl etdiyini, uğurlu fəaliyyət göstərdiyini qeyd edib.

O xatırladıb ki, Astanadakı son toplantı zamanı MHŞT üzrə Beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib: “MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən, Azərbaycanın namizəd ölkə statusu saxlanılıb. Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər Azərbaycana bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib. Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklərlə Azərbaycan islahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub”.

Dövlət Neft Fondunun sədri İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab etdiyini vurğulayıb. O bildirib ki, hazırda MHŞT öz ilkin mandatından - hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər.

"2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm”, - deyə Ş.Mövsümov əlavə edib.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə, Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Son xəbərlər

Orphus sistemi