Azərbaycanın metallurgiya sənayesi: nailiyyətlər, problemlər və gələcək inkişaf yolları - RƏY

Azərbaycanın metallurgiya sənayesi: nailiyyətlər, problemlər və gələcək inkişaf yolları - RƏY Azərbaycan iqtisadiyyatının ən gəlirli və dinamik inkişaf edən sahələrindən biri olan metallurgiya sənayesində Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ildə əvvəlki dövrlə müqayisədə 9,5% azalma qeydə alınıb. Eyni zamanda hazır metal məhsullarının istehsalında 80, qara metaldan konstruksiya istehsalında isə 96,7 faiz artım müşahidə olunub. Halbuki 2018-ci ildə əks mənzərə müşahidə edilmişdi: metallurgiya sənayesi 11,4%-dən çox artmış, hazır metal məhsulları istehsalında isə 27,4%-lik azalma olmuşdu.
Sənaye
24 Yanvar , 2020 16:20
Azərbaycanın metallurgiya sənayesi: nailiyyətlər, problemlər və gələcək inkişaf yolları - RƏY

Azərbaycan iqtisadiyyatının ən gəlirli və dinamik inkişaf edən sahələrindən biri olan metallurgiya sənayesində Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ildə əvvəlki dövrlə müqayisədə 9,5% azalma qeydə alınıb. Eyni zamanda hazır metal məhsullarının istehsalında 80, qara metaldan konstruksiya istehsalında isə 96,7 faiz artım müşahidə olunub. Halbuki 2018-ci ildə əks mənzərə müşahidə edilmişdi: metallurgiya sənayesi 11,4%-dən çox artmış, hazır metal məhsulları istehsalında isə 27,4%-lik azalma olmuşdu.

Azərbaycan Texniki Universitetinin Materialların texnologiyası kafedrasının müdiri, professor Arif Məmmədov hesab edir ki, hazırda Azərbaycanda bütün sənayenin əsas dayağı olan metallurgiyanın inkişafı üçün yaxşı imkanlar yaradılıb.

Heç kimə sirr deyil ki, metallurgiya həyatımızın bütün sahələrini əhatə edir və Azərbaycanın metallurgiya sənayesi uzun və zəngin tarixə malikdir.

Bizim metallurqlarımız, mühəndislərimiz və alimlərimiz Sovet dönəmində bu sənayenin inkişafına mühüm töhfələr veriblər. Buna ən bariz nümunə Rusiyada Maqnitoqorsk metallurgiya kombinatının (müəssisədə dəmir filizinin hasilatı və emalından tutmuş polad istehsalına qədər bütün texnoloji proses həyata keçirilirdi) əsasını qoyan və uzun müddət ona nəzarət edən azərbaycanlı Çingiz İldırımdır. Azərbaycanda digər metallurgiya və maşınqayırma zavodları ilə birlikdə ildə 800 min tondan çox məhsul istehsal edən və Sovet İttifaqını yüksək keyfiyyətli neft kompressor boruları ilə təmin edən Sumqayıt boru prokat zavodu uzun müddət fəaliyyət göstərib. Ancaq Sovet İttifaqının dağılmasından sonra sənayenin digər sahələri kimi metallurgiya da acınacaqlı vəziyyətə düşüb.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə canlanma başlayıb. Heydər Əliyev özəl sektorda ilk metallurgiya müəssisəsinin – “Baku Steel Company”nin əsasının qoyulması təşəbbüsü ilə çıxış edib.

"Məhz onun rəhbərliyi altında 2000-ci ildə armatur və digər inşaat məhsulları istehsalı üzrə Zaqafqaziyadakı ən böyük metallurgiya zavodu istifadəyə verildi. Zavod dupleksproseslə metallurgiya tullantılarının təkrar emalı texnologiyası üzrə işləyir. Metalın əridilməsi Almaniya istehsalı olan 50-60 tonluq elektrik peçlərdə, davamlı tökmə ilə həyata keçirilir. Hazırda zavodun istehsalı olan 40-dan çox məhsul ixraca gedir”, - A.Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla da Azərbaycan metallurgiya sənayesində canlanma başlayıb. 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə özündə Daşkəsən filizsaflaşdırma kombinatını və Gəncədə 1 milyon ton polad istehsal edən kompleksi birləşdirən Azərbaycan Metallurgiya Kompleksi yaradılıb.

“Hazırda Gəncədə və Sumqayıtda ən müxtəlif yüksək keyfiyyətli məhsullar istehsal edən alüminium zavodları uğurla fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkında yüksək keyfiyyətli metallurgiya məhsulları istehsal edən bir neçə zavod inşa edilib. Bütün yeni zavodlar rəqəmsal idarəetməli ən müasir avadanlıqlarla təchiz olunub, onlar tamamilə avtomatlaşdırılıb və mexanikləşdirilib”, - kafedra müdiri sözlərinə davam edib.

“Problemlərin həlli innovativ texnologiyaların tətbiqini sürətləndirə və ümumi həcmdə metal məhsullarının xüsusi payını artıra bilər”.

Arif Məmmədov

AzTU-nun kafedra müdiri

Onun fikrincə, bu nailiyyətlərə baxmayaraq, respublikanın metallurgiya sənayesində bir sıra problemlər mövcuddur ki, onların həlli innovativ texnologiyaların tətbiqini sürətləndirə və ümumi həcmdə metal məhsullarının xüsusi payını artıra bilər (2019-cu ilin sonunda bu göstərici 7,8% təşkil edib). A.Məmmədov sektorun gələcək inkişafı üçün 10 istiqamət müəyyənləşdirib:

- qeyri-metal metallurgiya məhsulları və xüsusi ərintilər istehsalını yaratmaq;

- respublikanın müxtəlif alətlərə olan ehtiyacını ödəmək üçün bərk ərintilər və ifrat bərk materiallar istehsalını yaratmaq;

- SPS və enjeksiyon qəlibləmə texnologiyalarından istifadə edərək yüngül və davamlı kompozit və keramika materialları istehsalını yaratmaq;

- tökmə məhsuldarlığını və keyfiyyətini artırmaq üçün xüsusi tökmə növlərindən istifadə etməklə respublikanın tökmə zavod və sexlərində yenidənqurma işləri aparmaq;

- Gəncə və Sumqayıtdakı alüminium zavodlarının tələbatını ödəmək üçün alunit filizinin keyfiyyətini yaxşılaşdıran texnoloji proseslər yaratmaq;

- nanotexnologiyaların, funksional örtüklərin tədqiqi və tətbiqi ilə məşğul olan xüsusi müstəqil təşkilat yaratmaq;

- respublikanın ehtiyaclarını ödəmək üçün toz materialları və onlardan alınan məhsullar istehsal edən yeni zavod inşa etdirmək;

- metallurgiya sənayesinin problemləri ilə məşğul olan xüsusi elmi-texnoloji mərkəz yaratmaq;

- qızıl-mədən sənayesinin sürətlə inkişafı ilə əlaqədar AzTU-da “Zərgərlik işi” ixtisası üzrə tələbə qəbulu həyata keçirmək;

- SPS metodu ilə nanoölçülü alüminidlərin, boridlərin və bərk ərintilərin sintezi texnologiyasını hazırlamaq.

Professorun fikrincə, yuxarıda göstərilən problemlərin həlli real texniki-iqtisadi effekt əldə etməyə və ölkəmizdə innovativ metallurgiya texnologiyalarının və materialşünaslıq elminin tətbiqini sürətləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi