Azərbaycanda yanvar-may aylarında sənaye istehsalı 3,7% artıb

Azərbaycanda yanvar-may aylarında sənaye istehsalı 3,7% artıb Qeyri-neft sektorunda istehsal 12,4%, neft sektorunda isə 1,4% artıb
Sənaye
16 İyun , 2015 13:22
Azərbaycanda yanvar-may aylarında sənaye istehsalı 3,7% artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda sənaye təsərrüfat subyektləri tərəfindən 10,8 mlrd. manatlıq məhsul istehsal olunaraq 3,7%-lik artım qeydə alınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4%, neft-qaz sektorunda isə 1,4% üstələyib.

Sənaye məhsulunun 63,5%-i istehsal olunmuş mədənçıxarma bölməsində 17,6 mln. ton neft, 8,5 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,0%-ni təşkil edən qida, kağız və karton, poliqrafiya, neft məhsulları, kimya sənayesi məhsulları, rezin və plastmas məmulatları, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqları məhsullarının istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 7,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür. 

Ümumi sənaye istehsalının 88,4%-i malların (əmtəələrin), 11,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 76,3%-i özəl bölmədə istehsal olunub.

Son xəbərlər

Orphus sistemi