Bu il mayın 1-dən Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhdudiyyətlər bir qədər də yumşaldılıb və ölkədə tibbi maskadan istifadə tələbi ləğv olunub. Bu isə diqqəti istər-istəməz pandemiya dövründə maska istehsalına başlamış “Bakı Tekstil Fabriki” MMC-yə yönəldir. Yeni yaranmış vəziyyətdə bu müəssisə necə fəaliyyət göstərir? Ölkədə tibbi maskaya tələbar varmı? “Report” bununla bağlı fabrikin direktoru Səkinə Babayeva ilə həmsöhbət olub.
Onun sözlərinə görə, hazırda müəssisənin maska istehsalı üzrə 4 istehsalat xəttindən 2-si fəaliyyət göstərir: ““Hazırda 5 milyon ədəd maska ehtiyatımız var. Ölkədə maskadan istifadə tələbini ləğv ediləndə biz buna hazır deyildik. Xaricdən xammal gətirmişdik. İstehsalat xəttlərindən 2-ni hər ehtimala qarşı saxlamışıq. Birdən ölkədə koronavirusa yoluxma halları artsa, o zaman vətəndaşlar bizi ittiham edəcəklər ki, nəyə görə fabrik fəaliyyət göstərmir. Odur ki, maska istehsalatı tam dayandırmamışıq".
S.Babayeva qeyd edib ki, maydan bəri müəssisənin maska satışı olmayıb: “bir tərəfdən Çindən və Türkiyədən ölkəyə tibbi maska gəlir və onu apteklər alırlar. Biz rəsmi işlədiyimizə görə apteklər xaricdən gələn məhsulu daha üstün bilirlər, çünki belə olan halda vergi ödəmirlər. Lakin onlar maskanı bizdən alsa, əlavə dəyər vergisi ödəyirlər. Onlar şəffaflıqdan qaçırlar. Biz isə şəffaf işləməyə məcburuq. Çünki xammal gətiririk, işçilər işlədirik. Bunların hər biri qanunlarla tənzimlənir”.
Onun sözlərinə görə, müəssisənin digər iki istehsal xətti başqa bir sahə üzrə fəaliyyət göstərəcək: "Bunun üçün vəsait və vaxt lazımdır. İşçilərin başqa sahəyə keçirmək üçün onların bacarıqlarının inkişaf etdirmək lazımdır. Bunun üçün, biz onların aylıq maaşlarını verə-verə yeni ixtisasa yiyələndiririk. Artıq onlar demək olar ki, yeni ixtisasa yiyələniblər və fabrikdədirlər. Heç bir əməkdaşımızı işdən azad etməmişik. Hazırda digər sahənin rekonstruksiyası üçün vəsait ayırılıb”.
2020-ci ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında yaradılmış tibbi maska istehsalı müəssisəsinə İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit verib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır.