Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sektorunda 21,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% az məhsul istehsal edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6% artıb, neft sektorunda isə 7,1% azalıb.
Sənaye məhsulunun 70,0%-i mədənçıxarma sektorunda, 24,8%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 8,9%, əmtəəlik qaz hasilatı isə 1,3% azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 2,3%, içkilərin istehsalı 30%, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5%, geyim istehsalı 49%, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3%, kağız və karton istehsalı 0,7%, kimya sənayesi məhsullarının istehsalı 20,3%, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə artıb. Bundan əlavə DSK rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3%, tikinti materiallarının istehsalı 38,3%, kompüter və elektron məhsulların istehsalı 57,6%, elektrik avadanlıqlarının istehsalı 69,0%, maşın və avadanlıqların istehsalı 19,1%, sair nəqliyyat vasitələrinin istehsalı 19,3%, mebel istehsalı 26,1% artdığını elan edib.
Həmçinin, tütün məmulatlarının istehsalı 23,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 43,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4%, hazır metal məmulatlarının istehsalı 30,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52,0% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1% azalıb.