Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 7,6 mlrd. manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4%, neft sektorunda 0,4% artıb.
Sənaye məhsulunun 75%-i mədənçıxarma sektorunda, 20%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,5% artıb, əmtəəlik qaz hasilatı isə 9,4% azalıb.
Emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1%, poliqrafiya məhsullarının istehsalı 38%, kimya sənayesi məhsullarının istehsalı 6,3%, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 40%, hazır metal məmulatlarının istehsalı 67%, elektrik avadanlıqlarının istehsalı 43,4%, mebel istehsalı 34,7% artıb, qida məhsullarının istehsalı 6,7%, içkilərin istehsalı 19%, geyim istehsalı 48,3%, kağız və karton istehsalı 3,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 10%, kompüter və elektron məhsulların istehsalı 6,1%, maşın və avadanlıqların istehsalı 27,5%, sair nəqliyyat vasitələrinin istehsalı 72,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 21,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9% azalıb.