İlk xəbər iyunun 10-da, saat 14:41-də verilib
Bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13 530 milyon manatlıq sənaye məhsulu istehsal edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Məlumata görə, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalının dəyəri 14,4% artıb və 4 766,3 milyon manat təşkil edib.
Sənaye məhsulunun 62%-i mədənçıxarma, 31,6%-i emal, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1% azalıb, əmtəəlik qaz hasilatı isə 15,5% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2%, sair nəqliyyat vasitələrinin istehsalı 37,6%, elektrik avadanlıqlarının istehsalı 26,5%, tütün məmulatlarının istehsalı 26,1%, kimya sənayesi məhsullarının istehsalı 24,6%, kağız və karton istehsalı 15%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6%, geyim istehsalı 13%, hazır metal məmulatlarının istehsalı 7,4%, içkilərin istehsalı 2,9%, neft məhsullarının istehsalı 2%, poliqrafiya məhsullarının istehsalı 1,8%, qida məhsullarının istehsalı 1,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6% artıb, mebel istehsalı 1,5%, maşın və avadanlıqların istehsalı 8,2%, tikinti materiallarının istehsalı 9,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5% artıb.