Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1% artıb, emal sənayesi üzrə 2,5% azalıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4% yüksəlib. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1% bahalaşıb, metal filizlərinin hasilatı üzrə isə 4,2% ucuzlaşıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 6%, kimya sənayesi üzrə 0,7%, ağac emalı və ağacdan məmulatların istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə 0,1% bahalaşıb, neft məhsullarının istehsalı üzrə 5,2%, metallurgiya sənayesi üzrə 2,1%, içki istehsalı üzrə isə istehsalçı qiymətləri 1,9% ucuzlaşıb.
Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.