Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10 996,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% az sənaye məhsulu istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,9% artıb.
Sənaye məhsulunun 63,7%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3% azalıb, əmtəəlik qaz hasilatı isə 12% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,3 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,8 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 2,4 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 83,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 81,4%, kağız və karton istehsalı 32,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 27,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 15,2%, elektrik avadanlıqlarının istehsalı 14,1%, geyim istehsalı 10,8%, tikinti materiallarının istehsalı 10%, qida məhsullarının istehsalı 6,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,6% artıb, mebel istehsalı 6,3%, hazır metal məmulatlarının istehsalı 11,5%, kimya sənayesi məhsullarının istehsalı 12,5%, neft məhsullarının istehsalı 13%, içkilərin istehsalı 13,1%, poliqrafiya məhsullarının istehsalı 62,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,3%, sair nəqliyyat vasitələrinin istehsalı 97,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,4% artıb.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu il aprelin 1-nə 647,6 milyon manatlıq hazır məhsul olub.