Azərbaycanda sənaye istehsalı 0,2% azalıb

Azərbaycanda sənaye istehsalı 0,2% azalıb Sənaye müəssisələrinin anbarlarında yığılan hazır məhsul ehtiyatının həcmi daha 7% artıb
Sənaye
16 Noyabr , 2016 17:50
Azərbaycanda sənaye istehsalı 0,2% azalıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 26 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% az sənaye məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 65,8%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,8%, əmtəəlik qaz hasilatı isə 5% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 35,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,6%, kağız və karton istehsalı 8,8%, poliqrafiya məhsullarının istehsalı 4,2%, hazır metal məmulatlarının istehsalı 18,8%, kompüter və elektron məhsulların istehsalı 14,5%, elektrik avadanlıqlarının istehsalı 2,7 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,1%, mebel istehsalı 17,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,9% artıb.

Bununla belə, içkilərin istehsalı 13,6%, tütün məmulatlarının istehsalı 16,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,9%, kimya sənayesi məhsullarının istehsalı 14,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3%, tikinti materiallarının istehsalı 14,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2%, maşın və avadanlıqların istehsalı isə 11,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4% artıb, neft sektorunda isə 0,7% azalıb.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yığılan hazır məhsul ehtiyatının həcmi son bir ayda 7,42% artaraq noyabrın 1-nə 375,1 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi