Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-sentyabr aylarında 23 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çox sənaye məhsulu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 65,7%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,3%, əmtəəlik qaz hasilatı isə 1,6% azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 4,3%, toxuculuq sənayesində istehsal 2,7 dəfə, geyim istehsalı 34,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2%, kağız və karton istehsalı 9,2%, poliqrafiya məhsullarının istehsalı 12,7%, hazır metal məmulatlarının istehsalı 18,5%, kompyuter və elektron məhsulların istehsalı 14,9%, elektrik avadanlıqlarının istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 14%, mebel istehsalı 16,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 53,6% artıb.
Bununla yanaşı, içkilərin istehsalı 12,2%, tütün məmulatlarının istehsalı 6,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 68,9%, kimya sənayesi məhsullarının istehsalı 15,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3%, tikinti materiallarının istehsalı 16,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 1,1%, maşın və avadanlıqların istehsalı isə 10,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2% azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,6% artıb, neft sektorunda isə 0,2% azalıb.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yığılan hazır məhsul ehtiyatının həcmi son bir ayda 5,3% artaraq oktyabrın 1-nə 349,2 mln. manata çatıb.